Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərin keyfiyyəti ilə maraqlanıb

İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərin keyfiyyəti ilə maraqlanıb


7-06-2020, 19:06


Xəbər verdiyimiz kimi, artıq xeyli vaxtdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su-kanalizasiya xətlərinin çəkilişi paralel aparılır.

Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi su-kanalizasiya sisteminin çəkilişlərinə start verilən ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri görülən işlərin mövcud vəziyyətini öyrənmək üçün mütəmadi olaraq çəkiliş aparılan küçələrdə yerində baxış keçirir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyatı şəxslərlə birlikdə su-kanalizasiya sisteminin çəkilişi aparılan Heydər Əliyev prospektində, Bakı, Əliağa Şıxlinski, Şəhidlər Xiyabanı, Zeynalabdin Tağıyev küçələrində olub, görülən işlərin mövcud vəziyyəti və keyfiyyəti ilə maraqlanıb.

Rayon rəhbəri çəkilişlə əlaqədar olaraq aparılan qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Qazıntı işləri zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulmasına, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalmasına, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd edib. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində bir daha ciddi tapşırıqlar verib.

"Bizə çəkilişin tez bir zamanda başa çatması ilə yanaşı, işlərin keyfiyyətlə aparılması da lazımdır”, - deyən icra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində çəkilməsini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Heydər Əliyev prospekti



Bakı küçəsi

 

 Əliağa Şıxlinski küçəsi



Şəhidlər Xiyabanı küçəsi 12-14 saylı binaların həyəti 



Şəhidlər Xiyabanı küçəsi 25-27 saylı binaların həyəti


 Zeynalabdin Tağıyev küçəsi


GOYEZEN.AZ


Geri qayıt