Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru2-06-2020, 14:30 |
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar "kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaradır. Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində son illər əldə olunmuş nailiyyətlər uğurla davam etməkdədir. Qazax rayonu üzrə 2020-ci il yerli cəmi gəlirlərin proqnozu 12.352.000 manat məbləğində müəyyənləşdirilmişdir. Ümumi gəlirlərin 4.535.000 manatını (36,71%) mərkəzləşdirilmiş gəlirlər, 7.817.000 manatını (63,29%) isə yerli gəlirlər təşkil edir. I rübdə yerli daxilolmalar 2.593.920 manat proqnoza qarşı 2.834.328 manat və ya 109,27 faiz yerinə yetirilərək büdcəyə 240408 manat, yəni 9,27 faiz çox vəsait daxil olmuşdur. 2020-ci ilin 1 rübü ərzində məhsul buraxılışının həcmi 45.400.000 manat olmuşdur. Kənd təsərrüfatı məhsulunun həcmi 11.400.000 manat olmaqla keçən ilə nisbətən 0,5 faiz çox, sənaye məhsulunun həcmi isə 10.510.000 manat təşkil etmişdir. Rayon üzrə yanvar-fevral aylarında nominal orta aylıq əməkhaqqı 454,3 manat, rüb ərzində adambaşına məhsul buraxılışı isə 461,2 manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 3.521.600 manat, tikinti quraşdırma işlərinin həcmi 3.424.000 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 1.485.000 manat olan 38 yaşayış evi tikilib istifadəyə verilmişdir. Hesabat dövrü ərzində 12 müəssisə və 352 nəfər fiziki şəxs qeydiyyatdan keçmiş, 376 daimi iş yeri açılmışdır. 01 yanvar 2020-ci il tarixinə iqtisadi fəal əhalinin sayı 56731 nəfər olmuşdur ki, bunun da 54231 nəfəri məşğul əhalidir. Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib. Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Beləliklə, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir. Son illər Respublika Prezidentinin diqqət və qayğısı sayəsində Qazaxda istifadəyə verilən ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsi, Daş Salahlı kəndində yerləşən Qazax Sement zavodu, "Mətanət A” şirkətinə məxsus "Azerlime” əhəng zavodu, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ı, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən mebel fabrikinin inşası rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdir. Ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması isə ölkəmizdə vətəndaş mövqeyinin hər zaman ön planda olmasından xəbər verir. Xüsusilə də pandemiya dövründə bu təşəbbüsün davam etdirilməsi bunu bir daha sübut etdi ki, dövlət hər zaman ölkə vətəndaşını və onun rifah halının yaxşılaşdırılmasını düşünür. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması da məhz bu sahədə ən böyük töhfə oldu. Əvvəlki illərdə olduğu kimi, bu il də "DOST İş Mərkəzi" MMC-də sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. göstərməklə xeyli sayda rayon sakinləri ictimai işlə təmin olundular. Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 732 nəfər işlə təmin edildi.Dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və "kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərdi. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də cənab Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. "Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: "Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır. Koronavirus dövrünün "acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi. Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi. Ölkə başçısının qeyd etdiyi kimi, "burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək. Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir. GOYEZEN.AZ Geri qayıt |