Əsas Səhifə > Manşet / Təhsil > Sözə qanad verən qızlar
Sözə qanad verən qızlar14-04-2017, 09:56 |
Qazax istedadlar, şairlər diyarı və söz, sənət ustadlarının vətənidir. Bu diyar Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Osman Sarıvəlli, Səməd Vurğun kimi məşhur şair və yazıçılar, tanınmış şəxsiyyətlər yetişdirib. Qazaxın gözəl təbiət mənzərəli, səfalı kəndləri var. Onlardan biri Yuxarı Salahlı kəndidir. Bu kəndin adı çəkiləndə dahi Səməd Vurğun yada düşür. Dodaqlarda “El bilir ki, sən mənimsən“ misraları səslənir. Bu torpaq özü başdan-başa şeir, sənət ocağıdır. Kəndin sinəsindən axan Kür çayının şırıltısı da sanki nəğmə, şeir pıçıldayır bu qədim yurda. Burada yaşayan insanlar danışanda şeirlə danışır, sazla söhbət açırlar. Beşikdə saz havası, şeir, bayatı üstə böyüyür uşaqlar. Bəli, istedad özünü lap körpə yaşlarından göstərir. Bu gün Yuxarı Salahlı kəndində istedadlı uşaqlar çoxdur. Kimi qələmə sarılıb, kimi fırçaya. Elə uşaqlar da var ki, gözəl ifa etmək, şeir demək qabiliyyətinə malikdir. Bu gün şeir deyən bu qızlar sözə qanad verir, hər misranı, hər kəlməni istedadları ilə göyün ənginliklərinə uçururlar. İstedadlı uşaqlar və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi həmişə diqqət mərkəzində olmalıdır. Uşaqların bir məkanı var məktəb. İstedadlar da burada yetişir. Təhsilin də əsas istiqamətlərindən biri, bəlkə də birincisi istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin təmin etdirilməsidir. Qeyd etmək istəyirik ki, cəmiyyət də bu uşaqlardan çox şey gözləyir. Belə ki, istedadlı bir uşaq öz el-obasını bəzən bütün dünyaya tanıdır, şöhrəti aləmə səs salır. Bu səbəbdən də belə uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi olduqca vacibdir. Bu iş isə uşaqlarla məşğul olan qurumların üzərinə düşür. Yuxarı Salahlı kənd tam orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri Aytac Bayramova bu sahədə tərifəlayiq işlər görür. Belə ki, məktəbin istedadlı uşaqlarından ibarət qrup yaradıb. Uşaqların arzusu ilə qrupa “Göyəzən” adı verilib. Onu qeyd edək ki, qrupun on nəfər üzvü var. Günel Bayramova, Arzu İbrahimova, Elmira Allahyarova, Salatın Rüstəmova, Elvina Bayramova, Könül Mansurova, Sevinc Mustafayeva, Qızyetər Çıraqova, Fidan Hüseynova. Bu istedadlı qızlarla çıxış edən bir oğlan da var - Aydın Vəkilov. O da qızlardan heç də geri qalmır. “Göyəzən” qrupu rayonumuzda keçirilən bütün ictimai tədbirlərdə fəal iştirak edirlər. Qrupun Şəhidlər Xiyabanının açılış mərasimində olan çıxışı rayon rəhbəri Rəcəb Babaşovun çox xoşuna gəldi. Bütün istedadlı uşaqlara olduğu kimi bu qrupa da rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov böyük diqqət və qayğı ilə yanaşdı. Öz çətin və gərgin iş rejimindən vaxt ayırıb onlarla görüşdü. Cənab Başçı qrupun üzvlərini “Məmin qızlarım” adlandırır. Rəcəb Babaşovun onları belə adlandırması qızların sevincinə səbəb olmaqla yanaşı onlarda böyük ruh yüksəkliyi yaradıb, qol-qanad verib. Qrup üzvləri dəfələrlə rayon rəhbərinin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə təltif olunublar. “Ölkəmizi taniyaq” tur-aksiyası ilə bağlı qrupun üzvləri Günel Bayramova və Arzu İbrahimova üç günlük səyahətə göndərilmişdir. “Göyəzən” qrupunun üzvləri rayonumuzdan kənarda keçirilən bilik yarışlarında, olimpiadalarda da fəal iştirak edirlər. Həmişə də rayonumuza diplom və mükafatlarla qayıdırlar. Bu uşaqların istedadlarının üzə çıxarılmasında, inkişaf etdirilməsində sözsüz ki, məktəb direktoru Məhəmməd Qocayevin xüsusi zəhməti vardir. Çünki istedadlı uşaqlarla iş mürəkkəb və heç vaxt bitməyən bir prosesdir. Mürəkkəbdir ona görə ki, istedadın konkret bir fənni, dərsliyi yoxdur. Və ona görə bitməyən bir prosesdir ki, nəinki hər gün, istedad hər an axtarışda olmalıdır. Buna görə də istedadlar da hər an diqqət və qayğı ilə əhatə olunmalıdır. Bu məhsuliyyətli iş isə məktəbin üzərinə düşür. Yuxarı Salahlı kənd orta məktəbi isə bu işin öhdəsindən layiqincə gəlir. Onlara gələcək işlərində uğurlar arzu edirik. Onu da qeyd edirik ki, GOYEZEN.AZ saytı olaraq biz “Göyəzən” qrupuna informasiya dəstəti verməyi öz öhdəmizə götürmüşük. Uğurlarınız çox olsun, qızlar. Geri qayıt |