Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda xüsusi karantin rejimi müddətində təhsil sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Qazaxda xüsusi karantin rejimi müddətində təhsil sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub


7-05-2020, 19:44


Bildiyiniz kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlər çərçivəsində2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Odur ki, ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qüvvədə qalır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu müddət ərzində şagirdlər üçün  təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli istifadə olunur. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün əlavə tədbirlər görülür. Bunlardan biri də onlayn dərslər və distant təhsildir ki, Qazaxda uğurla həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsini daim diqqət mərkəzində saxlaması, ölkə başçısının təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab etməsi bu gün hər kəsə yaxşı məlumdur. Bunu rayon rəhbərinin təhsilin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq keçirdiyi görüş, iclas və müşavirələrdən, ən əsası da verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində xüsusi karantin rejimi müddətində təhsil sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas da bunun daha bir əyani sübutudur. İcra aparatının məsul şəxslərinin və rayon Təhsil şöbəsinin əməkdaşlarının, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevin iştirakı ilə keçirilən iclasda aprel ayının əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində start verilən "Virtual məktəb” layihəsindən söz açılıb. Şagirdlərin"Microsoft Teams” adlı tətbiqi yükləyərək  "Virtual məktəb” portalında qeydiyyatdan keçmələri, orada təşkil olunan onlayn dərslərdə iştirak etmələri müzakirə olunub. Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət  və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə şagirdlərin cəlb olunması, müəllimlər tərəfindən həmin teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış tapşırıqların verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən danışıb.Qazax təhsilinin ildən-ilə inkişaf etməsi üçün istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib. İcra başçısı qeyd edib ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsil sahəsinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini əyani şəkildə göstərir.

Rayon rəhbəri hazırda tikintisi davam edən və əsaslı təmiri yekunlaşmaq üzrə məktəblərdən də danışıb. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində əsaslı şəkildə yenidənqurma işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib. Həmçinin Fond tərəfindən daha bir məktəbin – Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni məktəb binalarının tikintisinin davam etdiyini qeyd edib. Qazaxın timsalında bölgələrdə təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına rayon ziyalıları adından bir daha minnətdarlığını bildirib. Bugünkü iclasın məqsəd və əhəmiyyətindən söz açan icra başçısı xüsusi karantin rejimi dövründə 2019-2020-ci tədris ilində görülmüş işləri və qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işləri müzakirə etmək olduğunu diqqətə çatdırıb. 

Rayon rəhbəri istər müəllimlərin, istərsə də şagirdlərin "Virtual məktəb” layihəsinə qoşulmalarının yüksək səviyyədə təşkil olunmasını, şagirdlərin təhsildən geri qalmamaları üçün bütün səy və imkanlardan maksimum dərəcədə istifadə olunmasını vurğulayıb. Onlayn dərslərin vaxtlı-vaxtında keçirilməsini qeyd edən rayon rəhbəri bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı qeyd edib ki, bu gün sevindirici haldır ki, rayonumuz "Virtual məktəb” layihəsində aktivliyini yüksək səviyyədə davam etdirir. Müəllimlərin təxminən 80 faizinin, şagirdlərin isə 75 faizinin qoşulması da bunun əyani göstəricisidir. Bundan əlavə, onlayn dərslərin keçirilməsinin də lazımi səviyyədə təşkil olunduğunu vurğulayıb. N.Babanlı rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərinə minnətdarlığını bildirib.

GOYEZEN.AZ


Geri qayıt