Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına
əsasən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada
biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər
çərçivəsində ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində
tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin
intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün
təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və
bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Koronavirus
infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının
alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji
salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan
Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20
aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Hazırda isə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına
əsasən, ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil
müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qüvvədə qalır. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da bu müddət ərzində şagirdlərin təhsildən
yayınmamaları üçün bütün səy və imkanlardan səmərəli istifadə olunur.Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün əlavə tədbirlər görülür.
Bunlardan biri də onlayn dərslər və distant təhsildir.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənovanın, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin
Babanlının, şəhər və kənd məktəblərinin
direktorlarının iştirakı ilə videokonfrans keçirilib. Videokonfransda ölkəmizdə koronavirus infeksiyasına
qarşı həyata keçirilən qabaqlayıcı tədbirlərdən, bu sahədə əldə olunan
uğurlardan, tədris müəssisələrində şagirdlərin təhsildən geri qalmamaları üçün onlayn
dərslərin təşkilindən, "Virtual məktəb" portalından istifadə
qaydalarından və digər məsələlərdən söhbət açılıb, geniş şəkildə müzakirələr
aparılıb.
Rayon Təhsil şöbəsinin müdiri
Nizaməddin Babanlı çıxışında ölkə ərazisində
koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri
tədbirlərin görüldüyünü bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurlu addımların atıldığını və bu sahədə görülən işlərin öz töhfəsini
verdiyini, bu gün Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ən uğurlu nəticələrə
nail olan ölkələrdən olduğunu diqqətə çatdırıb. Koronavirus pandemiyası ilə
əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən
həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu, şəxsən Fondun
prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
başlanılan "Biz birlikdə güclüyük!” adlı xeyriyyə aksiyasını ziyalılar
olaraq yüksək qiymətləndirdiklərini bildirib.
N.Babanlı Təhsil Nazirliyi tərəfindən həftədə bir neçə dəfə Microsoft Teams proqramı vasitəsilə rayon təhsil
şöbələrinin müdirləri ilə canlı bağlantı qurulduğunu, verilən tapşırıq və
tövsiyələrə uyğun olaraq bugünkü konfransın keçirildiyini qeyd edib. Bu gün təşkil
olunmuş videokonfransın əsas məqsədinin xüsusi karantin rejimi müddətində
görülmüş, eləcə də gələcəkdə görülməsi nəzərdə tutulan işləri müzakirə etmək
olduğunu diqqətə çatdırıb. N.Babanlı vurğulayıb ki, şagirdlər evdə qalsalar da təhsildən
qalmamalıdırlar. Belə məqamda köməyə onlayn dərslər gəlir. Bu işdə müəllimlərin
üzərinə böyük məsuliyyət düşür. O, Təhsil Naziri Ceyhun Bayramovun rəhbərliyi
altında istər müəllimlər, istərsə də şagirdlər üçün bu sahədə geniş imkanlar
yaradıldığını, hər cür dəstək göstərildiyini vurğulayıb. Qeyd edib ki, valideynlər
də bu məsələdə diqqətli olmalı, övladlarının "Virtual məktəb” layihəsində
iştirak etmələrini, onlayn dərslərə qatılmalarını nəzarətdə saxlamalı və tədrisdə
irəliləyişini izləməlidirlər. Bu gün sevindirici haldır ki, rayonumuz "Virtual
məktəb” layihəsində aktivliyini yüksək səviyyədə davam etdirir. Müəllimlərin təxminən
80 faizinin, şagirdlərin isə 75 faizinin qoşulması da bunun əyani göstəricisidir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından videokonfrans
iştirakçılarını salamlayıb, videokonfransın işinə uğurlar arzulayıb. G.Həsənova
ölkəmizdə, eləcə də rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının
alınması istiqamətində görülən işlərdən də söz açıb. 2020-ci
ilin ilk günlərindən dünyanı təlaş içərisinə salan koronavirus pandemiyası ilə
bağlı ölkəmizdə məqsdəyönlü qabaqlayıcı tədbirlərin həyata keçirilməsini, ölkə
Prezidenti İlham Əliyevin 27 yanvar 2020-ci il tarixdə aidiyyəti qurumlarla
birlikdə keçirilən iclasında məsələnin ciddiliyinin nəzərə alınaraq Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasını bu
istiqamətdə atılan ən uğurlu addımlardan biri hesab edib. Vurğulayib ki, ölkə
Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü
siyasətin nəticəsidir ki, ölkəmizdə bu sahədə zərərçəkənlərin sayı digər ölkələr
ilə müqayisədə minumum olmuşdur.
Ölkəmizdə təhsil
sahəsinə göstərilən dövlət qayğısından danışan müavin qeyd edib ki, "Təhsil
millətin gələcəyidir. Mən müəllimdən yüksək ad tanımıram”, - deyən ulu öndər
təhsilin inkişafı üçün xüsusi zəmin yaratmışdır. Heydər Əliyev siyasətinin layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də təhsilin prioritet sahə
olaraq inkişafını ön plana çəkmiş, "Neft kapitalını insan kapitalına çevirək”
fikrini əməli işləri ilə reallaşdırmışdır.
G.Həsənova qeyd edib ki, bu
gün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları, Heydər Əliyev
Fondunun maliyə dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində ölkəmizin ən ucqar rayon və kəndlərində müasir tipli yeni məktəb
binaları tikilərək və lazımi avadanlıqlar ilə təchiz olunaraq şagirdlərin
istifadəsinə verilmişdir. Təkcə 2019-2020-ci illər ərzində rayonumuzda bu
istiqamətdə bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən Səməd Vurğun adına 964 şagird yerlik şəhər 2 nömrəli tam
orta məktəbin binası yüksək səviyyədə əsaslı təmir və yenidənqurmadan sonra
müasir avadanlıqlarla təchiz olunaraq 2019-cu ilin 4 fevralında şagirdlərin
istifadəsinə verilmişdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ötən ilin
iyulundan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik
Kosalar kənd tam orta məktəbində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb
ki, hazırda işlər yekunlaşmaq üzrədir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən Aydın Məmmədov adına 180 şagird yerlik Qaymaqlı kənd tam
orta məktəb üçün bu ilin yanvarından yeni binanın tikintisinə başlanılıb və
hazırda tikinti işləri davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən
yanvar ayından Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb və tikinti işləri
davam etdirilir.
G.Həsənova rayonda məktəb
tikintisi ilə yanaşı, məktəb direktorlarının Rayon İcra Hakimiyyəti başçısına ünvanladıqları
müraciətləri nəzərə alınaraq məktəblərdə aparılan cari təmir işlərindən də söz
açıb. S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin birinci və ikinci
mərtəbələrində, məktəbin həyətində, İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta
məktəbin idman zalında, dəhlizində, həyətində aparılan təmir və abadlıq işlərini,
N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin sanuzel qovşağının təmir
olunmasını, şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb
liseyin dəhlizinin təmir olunaraq istifadəyə verilməsini təhsil sahəsinə olan
diqqət və qayğının bariz nümunəsi kimi qeyd edib. Həmçinin ölkə Prezidenti
İlham Əliyevin 5 mart 2020-ci il tarixli Sərəncamı ilə məktəb liseyin əsaslı
təmir olunması üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin
olaraq 2 milyon manat vəsaitin ayrılmasını qazaxlı ziyalılara, təhsil sahəsində
çalışan insanlara və gələcəyimiz olan uşaqlara dövlətin növbəti qayğısı kimi
qiymətləndirib.
Müavin qeyd edib ki, bu diqqət
və qayğı təhsil işçilərinin də işlərinə daha məsuliyyətlə yanaşmalarına zəmin
yaradır. Təhsilin keyfiyyətinin artırılmasına sövq edir. Qazax RİH-nin təşəbbüsü
ilə Qazax RTŞ-nin 27 sentyabr 2017-ci il tarixli 137 nömrəli əmri ilə təhsilin
keyfiyyətinin artırılması, qabaqcıl təcrübələrin yayılması, pedaqoji
kollektivlərdə sağlam rəqabətin formalaşması üçün qabaqcıl müəllimlərdən ibarət
işçi qrupu yaradılmış, məktəblərdə işçi qrupu tərəfindən dərs dinləmələr
aparılaraq nəticələr RTŞ-nin pedaqopji şurasında və RİH-də müzakirə olunmuş,
nümunəvi müəllimlər müəyyənləşdirilərək rəğbətləndirilmişlər. Bütün bunların
nəticəsidir ki, istər qəbulun nəticələri, istərsə də şagirdlərin dərsə
davamiyyəti 2017-ci ildən 2020-ci ilin mart ayına qədər 95-97% intervalında
olmuşdur. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlar, məktəb
direktorları, onların sinif müəllimləri, fənn müəllimləri ilə görüşlər
keçirilmiş və hər biri müvafiq qaydada mükaflandırılmışdır.
Müavin Nazirlər Kabineti
yanında yaradılmış Operativ Qərargahın 3 mart 2020-ci il tarixli qərarına
əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə
təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində təhsil müəssisələrində
təlim-tərbiyə prosesinin dayandırılmasına baxmayaraq respublikamızda, o
cümlədən də Qazaxda şagirdlərin təhsildən geri qalmamaları üçün bütün zəruri
tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Təhsil Nazirliyi tərəfindən "Evdə
qal, təhsildən qalma” devizi altında həyata keçirilən uğurlu layihələrin
rayonda birmənalı şəkildə dəstəkləndiyini bildirib. Təhsil Nazirliyinin
təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 6 günü
teledərslər keçirilməsini, teledərslərin yayınlamasına zamanında baxa
bilməyənlər üçün youtube kanalı və facebook səhifələrində izləmək imkanının
yaradılmasını bu sahədə görülən işlərin əyani sübutu kimi göstərib. 2 aprel
2020-ci il tarixdən virtual.edu.az saytında yaradılan
"Virtual məktəb” layihəsi
ilə geniş imkanların açılmasını bu istiqamətdə görülən işlərin davamı kimi dəyərləndirib.
G.Həsənova qeyd edib ki, təhsil
işçilərinin öz işlərinə məsuliyyətlə yanaşmalarının nəticəsidir ki, onlayn
dərslər respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da lazımi
səviyyədə təşkil olunur. Belə ki, rayonda müəllimlər zoom proqramı, Microsoft Teams, WhatsAppvə digər vasitələrdən istifadə edərək dərslərin mənimsənilməsinə nail olmağa
çalışırlar. S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi
Abbasova Nazilə Ağəli qızının zoom proqramı vasitəsilə tədris etdiyi dərs
Azərbaycan Respublikası Təhsil Nazirliyinin facebook sosial şəbəkəsində paylaşılmışdır.
Həmin paylaşım yüksək rəğbətlə qarşılanmış və 11 minə yaxın izləyici tərəfindən
izlənilmişdir.
Araz Əmilov adına Daş Salahlı
kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, Qaratel Hacımahmudova
adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, Mirvarid Dilbazi
adına Cəfərli kənd tam orta məktəbin direktoru Fazil Almazov və Aslanbəyli kənd
tam orta məktəbin direktoru Dilqəm Məmmədov çıxış edərək bugünkü videokonfransın
təşkil olunmasını yüksək qiymətləndirərək əməyi keçən insanlara minnətdarlıqlarını
bildiriblər. Sonra rəhbərlik etdikləri məktəblərdə tədrisin dayandırılmasından
bu günə kimi görülən işlər barədə məlumat veriblər. Qeyd ediblər ki, istər
müəllimlərin, istərsə də şagirdlərin "Virtual məktəb” layihəsində iştirak
etmələri, portalda qeydiyyatdan keçə bilmələri üçün mütəmadi olaraq onlarla
maariifləndirici söhbətlər aparılır, lazımi dəstək göstərilir. Videokonfrans
zamanı təlim-tədris prosesinə aid olan digər məsələlər də müzakirə edilib, səsləndirilən
təkliflər dəyərləndirilib.
Rayon Təhsil
şöbəsinin müdiri Nizaməddin Babanlı videokonfransa yekun vuraraq bu
cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb və məktəb
direktorlarına gələcək işlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Geri qayıt
|