Əsas Səhifə > Manşet / Təhsil > Firuddin Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbin müəllimi də onlayn dərslərdə fəal iştirak edir

Firuddin Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbin müəllimi də onlayn dərslərdə fəal iştirak edir


28-04-2020, 14:44


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Daha sonra Nazirlər Kabinetinin Sərəncamına əsasən 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin növbəti dəfə təxirə salınmasına dair qərar qəbul olundu. Və ən nəhayət koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Hazırda isə karantin rejiminin müddəti mayın 4-dək uzadılıb.
Qazaxda bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də daim diqqət mərkəzində saxlanılır. Son illər rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə olan diqqət və qayğı sayəsində bu sahədə uğurlu nəticələr əldə olunur. Ölkə başçısının və rayon rəhbərliyinin təhsil sahəsinə olan qayğısını yüksək qiymətləndirən təhsil işçiləri onlara göstərilən etimadı qazandıqları nailiyyətlərlə, əldə etdikləri uğurlarla, ən əsası da ildən-ilə artan ali məktəblərə qəbulun nəticələri ilə doğruldurlar.
Məhz bu səbəbdən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyi və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsinə böyük önəm verilir. Karantin rejimi müddətində şagirdlərin təhsildən geri qalmamaları üçünmüəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” şüarı altında onlayn dərslər keçirilir. Artıq xeyli vaxtdır ki,  rayonun şəhər və kənd məktəbləri daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Milli Qəhrəman Firuddin Şamoyevin adını daşıyan Qazax şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri də onlayn dərslərdə fəal iştirak edirlər.
Məlumat üçün qeyd edək ki, 2017-2018-ci tədris ilində məktəbdə 289 nəfər şagird təhsil almışdır. Məktəbi bitirən 36 nəfər məzundan 23 nəfəri ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 17 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Tələbə adını qazanan gənclərdən 1 nəfəri 600-dən, 4 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Məktəbin məzunu Vəliyev Rəşad Rəşid oğlu 625 balla Polis Akademiyasına daxil olaraq adını yüksək nəticə göstərən məzunlar sırasına yazdırıb. Tədris ilində şagirdlərin illik dərsə davamiyyət göstəricisi 91,6% olmuşdur.
2018-2019-cu tədris ilində isə məktəbdə 275 nəfər şagird təhsil almışdır ki, onlardan 32 nəfəri məktəbi bitirərək məzun adını qazanmışdır. Məzunlardan 26 nəfəri ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd vermişdir. Həmin məzunlardan 20 nəfəri qəbul olmuşdur. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 1 nəfəri 500-dən yuxarı bal toplamışdır. Yola saldığımız tədris ilində şagirdlərin illik dərsə davamiyyəti 92,41% təşkil etmişdir.
Şəhər 4 nömrəli tam orta məktəbin müəllim kollektivi bu il daha yüksək göstəricilər əldə etmək üçün böyük səylə çalışırlar. Ən əsası da məktəbdə tədrisin dayandırılmasına baxmayaraq qaldıqları yerdən davam edərək onlayn dərsləri uğurla yerinə yetirirlər.
Elmin sirlərini öz şagirdlərinə düzgün təməl üzrərində öyrədən məktəbin ibtidai sinif müəllimi Nüşabə Mustafayeva da onların təhsildən geri qalmamaları üçün əllərindən gələni əsirgəmir, ilk gündən onlayn dərslərdə fəallıq nümayiş etdirir.
Nüşabə Mustafayeva tərəfindən IV sinif şagirdləri ilə "Yaxşılığa əvəz” mövzusunda keçirilən onlayn ibtidai sinif dərsinin qısa məzmununu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz.
 
GOYEZEN.AZ


Geri qayıt