Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda icra başçısı koronavirus ilə mübarizədə iştirak edən tibb işçilərini diqqətdən kənarda qoymadı

Qazaxda icra başçısı koronavirus ilə mübarizədə iştirak edən tibb işçilərini diqqətdən kənarda qoymadı


17-04-2020, 14:42


Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirir. Respublika Prezidenti cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir.

Bu uğurun əldə edilməsində isə heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin də rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.

Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən səhiyyə sahəsinə, həkimlərimizə, tibb işçilərinə hər zaman diqqət və qayğı göstərir. Rayon rəhbəri koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirən Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimləri və tibb işçilərini də diqqətdən kənarda qoymayıb. İcra başçısı koronavirus ilə mübarizədə iştirak edən həmin tibb işçilərini mükafatlandıraraq onların əməyini, əziyyətini yüksək qiymətləndirib.

Bu gün rayon rəhbəri Mərkəzi Xəstəxanada olub, Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər və tibb işçiləri ilə görüşüb.

Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəni – yeni xəstəxananın istifadəyə verilməsini bu gün də minnətdarlıq hissi ilə qarşılayır. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.

İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır. Ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışı, Birinci vitse-prezidentin ana, bacı, nənə kimi vətəndaşlarımıza çağırışlar etməsi ölkəmizdəki birliyin, həmrəyliyin, dövlət dəstəyinin təcəssümüdür. Ölkəmizdəki mövcud vəziyyətdə dövlət-xalq birliyini bütün dünyaya nümayiş etdirməkdir. 

İcra başçısı Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində, eləcə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan tibb işçilərinin əməyini yüksək qiymətləndirərək bir daha öz minnətdarlığını bildirib.

Sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində həkim infeksionist Yusifova Nərgiz Bahəddin qızına və Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində feldşer laborant Kosayeva Dilqənd Məhəmməd qızına koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və gül dəstələri təqdim olunub. Həmçinin, Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan bütün tibb işçiləri mükafatlandırılıblar.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və bu çətin işdə onlara uğurlar arzulayıb. Tibb işçiləri ilə xatirə şəkli çəkdirib.




 

GOYEZEN.AZ


Geri qayıt