Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı Qazaxda fəaliyyət göstərən Ət Kəsimi Məntəqəsində olub

İcra başçısı Qazaxda fəaliyyət göstərən Ət Kəsimi Məntəqəsində olub


14-04-2020, 21:37


Hər kəsə yaxşı məlumdur ki, Respublika Prezidenti İlham Əliyevin "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə lazımi tədbirlər görülür. Sərəncamda əksini tapan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı məqsədyönlü işlər görülür.

Respublikamızın hər yerində olduğu kimi. Qazaxda da Sərəncamdan irəli gələn vəzifələr uğurla icra olunur. Bu gün rayonda Qazax Ət Kəsimi Məntəqəsinin fəaliyyət göstərməsi bu sahədə görülən işlərdəndir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsinin rəisi Gündüz Qəmbərov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Rayon Baytarlıq İdarəsinin müdiri İlqar Orucovla birlikdə həmin məntəqədə olub. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə məntəqədə yaradılan mövcud şəraitlə maraqlanıb.


İcra başçısı koronavirus (COVID-19) infeksiyasının sürətlə yayıldığı bir dövrdə heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, küçə və yol kənarlarında həyata keçirilməsinin insan sağlamlığı üçün xüsusilə təhlükə yaratdığını bildirib. Bu səbəbdən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində rayonda fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində qeyd olunan tələblərə əməl olunmasının vacibliyini qeyd edib. Heyvan kəsiminin və ət satışının sanitar şəraitdə və baytarlıq ekspertizası aparılaraq həyata keçirilməsini bir daha diqqətə çatdırıb.

Rayon rəhbəri ət kəsimi və satışı ilə məşğul olan sahibkarları Qazax Ət Kəsimi Məntəqəsinin fəaliyyətindən yararlanmağa çağırıb. İlkin olaraq sahibkarlara vətəndaşların sağlamlığının qorunması sahəsində qida təhlükəsizliyi tələblərinə riayət etmələri ilə bağlı tapşırıq verilib. Qeyd olunanlara riayət etmədikləri halda AQTA tərəfindən inzibati tədbirlər görüləcəyi bildirilib.

AQTA Tovuz Regional bölməsinin rəisi Gündüz Qəmbərov heyvan kəsimi ilə bağlı Sərəncamda icrası nəzərdə tutulan işlərin Qazax rayonunda uğurla həyata keçirilməsinə, bu sahəni daim diqqət mərkəzində saxladığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün rayonda ət kəsimi məntəqəsinin fəaliyyət göstərməsini yüksək qiymətləndirib. G.Qəmbərov heyvan kəsimi, eyni zamanda, ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqəsinin xidmətlərindən istifadə etməyə çağırıb. AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınacağını qeyd edib.

Qazax Ət Kəsimi Məntəqəsinin rəhbəri Murad Alıyev məntəqədə müvafiq laboratoriyanın təchiz olunduğunu, bütün gigiyenik qaydalara əməl edildiyini bildirib.

Sonra ət kəsimi və satışı ilə məşğul olan sahibkarlardan Etibar Yusifov, Əfqan Vəliyev, Taleh Əfəndiyev, Ramin Nağıyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Rayonda əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri, xüsusilə də bu cür kəsim məntəqəsinin fəaliyyət göstərməsini yüksək qiymətləndiriblər. Qeyd olunan tələb və tövsiyələrə birmənalı şəkildə əməl ediləcəyini vurğulayıblar.

Daha sonra sahibkarlar öz təkliflərini çatdırıblar.



GOYEZEN.AZ


Geri qayıt