Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Vətən yolunda şəhid olanlar xalqın qəlbində əbədi yaşayır

Vətən yolunda şəhid olanlar xalqın qəlbində əbədi yaşayır


5-04-2017, 14:09

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA-----------------

Vətən yolunda şəhid olanlar xalqın qəlbində əbədi yaşayır
Ötən ilin aprel ayında təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Orxan Məhəmməd oğlu Əliyevin ölümündən bir il keçir. İldönümlə əlaqədar şəhidin doğulub boya-başa çatdığı Qazaxın Aslanbəyli kəndində anım tədbiri keçirilmişdir.
Rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət etmiş, üstünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək keçən ilin aprel ayında erməni işğalçılarının təmas xəttində törətdikləri təxribatlardan və bu təxribatların qarşısının alınmasında şücaət göstərən Azərbaycan Ordusunun uğurlarından danışmışdır.
Qeyd etmişdir ki, 4 günlük döyüşdə ordumuz nəyə qadir olduğunu göstərərək düşmənə layiqli cavab vermiş və işğal olunmuş torpaqlarımızın bir hissəsini geri qaytarmışdır. Aprel döyüşlərində öz ordusu haqqında miflər uyduran Ermənistanın təbliğatına da çox ciddi zərbə vurulmuşdur.
Qarabağ müharibəsi iştirakçıları Kamil Musavi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Mirzəyev, kənd ağsaqqalı Omar Mustafayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı uğurlardan, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışmışlar.
Qeyd edilmişdir ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Orxan Əliyev kimi igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcəkdir.
Məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləmişlər. Həmin gün Orxan Əliyevin şəhid olmasının birinci ildönümü ilə bağlı ehsan süfrəsi açılmışdır.
Qeyd edək ki, Orxan Məhəmməd oğlu Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş, adına Qazax şəhərində bulaq kompleksi inşa edilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
5 aprel 2017-ci il


Geri qayıt