Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı mobil qrupların fəaliyyəti ilə yerində tanış olub
İcra başçısı mobil qrupların fəaliyyəti ilə yerində tanış olub1-04-2020, 19:23 |
Bildiyiniz kimi, ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bu istiqamətdə görüləcək tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. İnfeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar fəaliyyət göstərir. Demək olar ki, mobil qrup üzvləri hər gün əhali arasında olur, "Evdə qal, sağlam ol” şüarı altında maarifləndirici söhbətlər aparırlar. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrupların fəaliyyəti ilə yerində tanış olub. İcra başçısı mobil qrupların daha çevik, operativ işləməsini tövsiyə edərək adamlarla aparılan izahat-təbliğat, maarifləndirmə söhbətlərində tutarlı faktlardan və rəqəmlərdən istifadə etmələrini, dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin bu sahədə gördüyü qabaqlayıcı tədbirlər haqqında əhaliyə geniş məlumat vermələrini bildirib. Qeyd edək ki, mobil qruplar sakinlərlə görüşərək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə sakinləri məlumatlandırır və müvafiq izahatlar verirlər. Şəhər ərazisində əhali ilə söhbətlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin vacibliyi bildirilir. Yalnız zəruri ehtiyac yaranarsa, qoruyucu vasitələrdən istifadə edərək qısa vaxt ərzində işlərinin görülməsi, vətəndaşlara son dərəcə diqqətli olmaları, məsuliyyətli davranmaları tövsiyə olunur. Məlumat üçün onu da bildirək ki, mobil qruplar tərəfindən aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, artıq şəhər ərazisində, parklarda əhalinin sıxlığı, xüsusilə də ehtiyac olmadan vətəndaşların evdən çıxmaları müşahidə olunmur.
GOYEZEN.AZ Geri qayıt |