Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni inşa olunan binada görülən işlərlə maraqlanıb
İcra başçısı Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni inşa olunan binada görülən işlərlə maraqlanıb13-03-2020, 16:54 |
Son illər ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz təhsil sahəsidir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na yeni məktəb binalarının tikintisinin və ya əsaslı təmirinin salınması, məktəblərin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı bəndlərin ayrılması Azərbaycanda təhsilin hər zaman prioritet sahə olmasından xəbər verir. Ölkəmizdə təhsilin inkişafı istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də mühüm əhəmiyyət kəsb edir. Ən əsası da bu layihə təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün bölgələrində icra olunur. İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil sahəsinə olan dövlət qayğısının hər an hiss olunduğu rayonlardan biri də Qazax rayonudur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun bariz nümunəsidir. Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.Xəbər verdiyimiz kimi, həmin Dövlət Proqramında nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Sarıvəlli kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb. İş icraçısı Elnur Verdiyev qeyd edib ki, yanvar ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Belə ki, zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, qazanxana da inşa ediləcək. Həmçinin idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək. İş icraçısı yeni inşa olunacaq binanın özül hissəsi ilə bağlı görülən işlərin yekunlaşdığını bildirib. Hazırda zirzəminin və idman zalının hörgü işlərinə başlanıldığını qeyd edib. Görülən işlərin keyfiyyətlə aparılmasını qeyd edən rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib. Məlumat üçün bildirək ki, rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Təhsil Nazirliyi tərəfindən isə şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəb üçün yeni bina inşa olunur.
GOYEZEN.AZ Geri qayıt |