Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə tanış olub

İcra başçısı Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə tanış olub


26-02-2020, 14:54


Əvvəlki yazılarımızda da məlumat verdiyimiz kimi, artıq xeyli vaxtdır ki, Qazaxda "Abad məhəllə” layihəsinin icrasına ilk gündən böyük sürətlə start verilib. Qeyd edək ki, haqqında söhbət açdığımız layihənin icrasına ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanılıb. Bu layihə çərçivəsində qısa bir zaman kəsiyində respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın da siması tamamilə dəyişəcək. Yeni görkəm alaraq ölkəmizin abad və müasir rayonları sırasına yazılacaq.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə görülən işlərlə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, hazırda binaların həyətində bardürlər düzülərək səkilər yaradılır ki, bu iş yekunlaşmaq üzrədir. Bundan əlavə, həmişəyaşıl, dekorativ gül kolları və qazon otu əkilərək park salınması üçün torpaq qatının hazırlanması da başa çatdırılır. Salınmış parkın suvarılması üçün su xətti də çəkilib. Həmçinin məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılır. Küçə boyu məhəllədə olan ağaclar da budanaraq səliqəyə salınıb. Ən sonda isə binaların qarşısına və lazım olan hissələrə asfalt vurulacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün gözəllikləri özündə əks etdirən "Abad məhəllə” adı altında rayonumuzun ünvanına daxil olacaq.

İstər "Abad məhəllə” layihəsinin icrasını, istərsə də yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən bina sakinləri həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını bildirirlər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman razılıq hissi ilə qarşılayırlar.





 

GOYEZEN.AZ


Geri qayıt