Əsas Səhifə > Manşet / Gənclər > Qazaxda “Könüllü fəaliyyətinə sən də qoşul!” adlı silsilə tədbirlər keçirilib
Qazaxda “Könüllü fəaliyyətinə sən də qoşul!” adlı silsilə tədbirlər keçirilib20-02-2020, 23:45 |
Bu gün tam əminliklə söyləyə bilərik ki, Respublika Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda gənclərlə bağlı əksini tapan məsələlər, həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlər uğurla icra olunur. Bunu dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında ölkə gəncləri haqqında söylədiyi fikirlərdən də aydın şəkildə görmək olur. Ölkə rəhbərinin çıxışı zamanı dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsinin qoyulması bir daha sübut edir ki, Dövlət Proqramında əksini tapan bütün məsələlərə həssaslıqla yanaşılır. Xüsusilə də gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi bu söylədiklərimizin bariz nümunəsi oldu. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkə başçısının könüllülük fəaliyyətinin genişləndirilməsi, gənclərin bu fəaliyyətə qoşulmasını təmin etmək sahəsində verdiyi tapşırıq və tövsiyələr uğurla yerinə yetirilir. Qazax Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə hər zaman geniş yer ayırır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən gənclərə göstərilən diqqət və qayğı, xüsusilə də könüllülük fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər hər kəsə yaxşı məlumdur. Bunun əyani sübutu da icra aparatında dəfələrlə gənclərlə keçirilən görüşlər, bütün tədbirlərdə gənclərə, könüllülərə üstünlük verilməsi, onların daha yüksək yerlərdə olması üçün atılan uğurlu addımlardır. Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində və Gənclər Mərkəzində gənclərlə geniş tərkibdə keçirilən tədbirlər də bu sahədə görülən işlərin davamıdır. "Könüllü fəaliyyətinə sən də qoşul!” adlı tədbirlərin keçirilməsində isə məqsəd könüllülük fəaliyyəti, bu fəaliyyətin gənclərə yaratdığı imkanlar, ən əsası da gənclərə olan dövlət qayğısını bir daha hiss etdirməkdir.
Tədbirlərdə çıxış edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova bildirib ki, Prezident İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkməsi, Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi hesab edilir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə nümayiş etdirir. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda könüllü gənclərimizin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Müavin rayon rəhbərliyi tərəfindən də könüllülük fəaliyyətinə böyük önəm verildiyini və bu sahənin daha da genişlənməsi istiqamətində məqsədyönlü işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bugünkü görüşlərin də bilavasitə məhz rayon rəhbərliyinin tapşırıq və tövsiyəsinə əsasən keçirildiyini vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd edib. G.Həsənova gəncləri könüllülük fəaliyyətinə qoşulmağa, ən əsası da ölkə başçısı və rayon rəhbərliyi tərəfindən onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyə, öz gələcəklərini daha parlaq etmələrini tövsiyə edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva çıxış edərək icra aparatında təşkil olunan könüllülük fəaliyyəti haqqında ətraflı məlumat verib. Fəaliyyətə əsasən vətəndaşların qarşılanması və onları narahat edən məsələlərin dinlənilməsi, müraciət edən vətəndaşlara düzgün izah verilməsi və aidiyyəti üzrə istiqamətləndirilməsi, müraciətlərə əsasən ərizələrin yazılması və yazılmasında köməkliyin göstərilməsi, əlillərə, yaşlı insanlara və imtiyazlı şəxslərə qayğı göstərilməsi, vətəndaşlar arasında sorğular keçirilməsi, onları razı və narazı salan məsələlər barədə ümumiləşdirmələr aparılmasının daxil olduğunu bildirib. Könüllülük fəaliyyətinə gənclərin 2 ay müddətinə qoşulduğunu və onların müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcəklərini qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunduğunu və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula biləcəklərini vurğulayıb. 09:00-13:00 – birinci növbə, 14:00-18:00 – ikinci növbənin təşkil ediləcəyini söyləyib. Gənclərin hara müraciət etmələri barədə də onları məlumatlandırıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov çıxış edərək əvvəlcəölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya qazaxlı gənclər adından bir daha minnətdarlığını çatdırıb. Ölkə başçısının 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini uğurlu gənclər siyasətinin və gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib. Ölkəmizdə 2015-ci ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən gənc bu cür addımları bir Azərbaycan gənci olaraq yüksək qiymətləndirdiyini bildirib. Sonra A.Əmirov Avropa İttifaqının maliyyə dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri yanında yaradılacaq gənclərin yerli məşvərət şuralarından və fəaliyyətindən söz açıb. Proqram çərçivəsində layihə ilə əlaqədar ilk seçimlərə Qazax rayonundan start verildiyini, 13-14 yanvar tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, ARGTMŞ-nin layihələr üzrə katibi Azər Əliyev tərəfindən A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə, Bakı Dövlət Universitetinin Qazax fililialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində və şəhər məktəblərində təhsil alan tələbələr və yuxarı sinif şagirdləri ilə görüşlər keçirildiyini qeyd edib. Yaradılacaq yerli məşvərət şuralarının gənclərə geniş imkanlar açacağını bildirən koordinator onları fəal olmağa çağırıb. İstər könüllülük fəaliyyətinə, istərsə də yerli məşvərət şurasının üzvləri olaraq gənclərə göstərilən dövlət qayğısına öz töhfələrini vermələrini tövsiyə edib. 2020-ci ilin "Könüllülər ili” elan edilməsini bir daha gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər olaraq onlara göstərilən etimad kimi qiymətləndirən A.Əmirov həmin etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına söz verib. Sonda gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova qazaxlı gənclər adından minnətdarlığını bildirib. Tədbirlərdə Bakı Dövlət Univeritetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov, Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov və başqaları çıxış edərək könüllülük fəaliyyəti, bu fəaliyyətin gənclərə qazandırdığı imkanlar haqqında öz ürək sözlərini çatdırıblar. Bu cür tədbirlərin keçirilməsini gənclərə göstərilən qayğının daha bir bariz nümunəsi kimi qeyd ediblər. Sonda bütün tədbirlərdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |