Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Qazaxda vətəndaşın müraciətinə yerində baxıblar

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Qazaxda vətəndaşın müraciətinə yerində baxıblar


13-02-2020, 18:53

 


Bu gün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin və müavinlərinin Tovuz, Ağstafa, Qazax rayonlarında vətəndaş qəbulu keçirilib.

Səhmdar Cəmiyyətin sədr müavinləri Zakir Quliyev və Rafiq Aslanov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun Çaylı kənd sakini Nağıyev Mahir Hüseyn oğlunun müraciətinə yerində baxıblar.

Sonra sədr müavinləri kənddə suvarma arxlarında aparılan təmizlik işləri ilə də yerində tanış olublar. Qonaqlara məlumat verilib ki, son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması sayəsində hər il rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində məqsədyönlü işlər görülür. Bu da ildən-ilə əkin sahələrinin genişləndirilməsində, xüsusilə də məhsuldarlığın artırılmasında, bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasında mühüm rol oynayır.

 

Qeyd olunub ki, 2020-ci ilin əkin sahələrinin suvarılması məqsədilə 88,57 km-i texnika vasitəsilə, 198,03 km-i əl əməyi ilə olmaqla 286,6 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bu sahədə görülən işlərin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, bu günə kimi 277,89 km məsafədə təmizlik işləri aparılıb. Bunun da 100,72 km-i texnika vasitəsilə, 177,17 km-i isə əl əməyi ilə təmizlənib. Hazırda işlər sürətlə davam etdirilir. Belə ki, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan sakinlər bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmaq istəyirlər.

GOYEZEN.AZ

 


Geri qayıt