Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub
Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub13-02-2020, 16:32 |
13 fevral – ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar xidmətin yaranma gününü artıq 8 ildir ki, öz peşə bayramları kimi qeyd edirlər. Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub. Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin əməkdaşları, Qarabağ əlilləri, şəhid ailələri, veteranlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ümummilli Liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar. Böyük şəxsiyyətin ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərini özündə əks etdirən filmə baxıblar.
Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, memorial önünə gül dəstələri düzülərək Vətən uğrunda canından keçən oğul və qızlarımızın əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Qazax rayon şöbəsinin əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Dövlət başçısı İlham Əliyev tərəfindən bütün sahələrə diqqət və qayğı göstərildiyini qeyd edən rayon rəhbəri son illər ordu quruculuğu sahəsindəki uğur və nailiyyətlərdən də söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri məhz qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. Rayon rəhbəri bildirib ki, Azərbaycanın igid, mərd oğul və qızları Vətənin dar günündə öz mübarizlikləri ilə hər zaman seçiliblər. Öz canlarından keçərək, sağlamlıqlarını itirərək Vətən torpağının bütöv olması üçün ölümün gözünə dik baxmağı bacarıblar. İcra başçısı qeyd edib ki, gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da hərbi xidmətdə olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə canından belə keçməyi gözə almaqdır.
İcra başçısı rayonumuzda vətənpərvərlik hissinin və gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə olduğunu bildirib. Bu gün düşmənlə 168 km sərhəddi olan, 7 kəndi düşmən tapdağı altında qalan Qazax rayonunda hər bir gəncin Vətən torpaqlarını qorumaq, hərbi xidmətə getmək üçün çağırışı belə gözləmədən bəzən könüllü olaraq müraciət etdiklərini qeyd edib. Vətən torpaqlarının qorunması zamanı Qazaxın 287 şəhid verdiyini bildirən icra başçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir. Ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan söz açan rayon rəhbəri qeyd edib ki, görülən bütün işlərin kökündə vətəndaş amili və onlara göstərilən xidmət dayanır. İcra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirib. Rayon rəhbəriSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin gördüyü işlərdən söz açaraq şöbə tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların ziyarət olunmasını, onların ailə üzvlərinə baş çəkilməsini yüksək qiymətəndirib və bundan sonrakı bütün işlərində şöbənin kollektivinə bir daha uğurlar arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayorMehman Rəhimov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə xidmətin bütün əməkdaşlarını təbrik edib. Şöbə rəisi səfərbərlik xidmətinin yaranma tarixindən, son illər bu sahədə əldə olunan uğurlardan söz açıb. Qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Bildirib ki, artıq 8-ci ildönümünü qeyd edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə böyük məsuliyyətlə yanaşmış, bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində nəzərə çarpacaq işlər görmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçmə, səfərbərlik hazırlığı və digər sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yarandığı dövrdən bu günə kimi Səfərbərlik Xidməti hərbi xidmətə çağırış və səfərbərlik işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində ciddi fəaliyyət aparıb. Şöbə rəisi qeyd edib ki, dövlətimizin hərbi qüdrətinin gücləndirilməsi, güclü ordunun yaradılması bizim əsas strateji xəttimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bildirib ki, bu istiqamətdə bizim çox böyük nailiyyətlərimiz var. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Xüsusilə də Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bu dövrlər ərzində böyük inkişaf yolu keçib. Hər bir uğurun təməlində bir sıra amillərin dayandığı kimi Silahlı Qüvvələrimizin də əldə etdiyi zəfərlərin başlanğıcında səfərbərliyin düzgün təşkili dayanır: Bu gün Azərbaycan ordusunda sağlam, gümrah, vətənpərvər, döyüş ruhu yüksək olan əsgər və zabitlərimiz xidmət edir. Bütün bunların təşkilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu vardır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin iş fəaliyyətindən danışan şöbə rəisi mütəmadi olaraq onlara göstərilən qayğıya, verilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. 2019-cu il ərzində xidmətin rayon şöbəsi tərəfindən görülən işlərdən danışan şöbə rəisi qeyd edib ki, il ərzində 441 nəfər çağırışçı həqiqi hərbi xidmətə yola salınıb. Daha sonra SHXÇDX-nin Qazax rayon şöbəsində təltifolunma mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 12 fevral 2020-ci il tarixli 9-21/17 nömrəli Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin rəisi Rəhimov Mehman Qasım oğlu, şöbədə kapitan Teymurov Emil Teymur oğlu, leytenant Qəribov Fərahim Kamil oğlu və müfəttiş Məmmədov Elmar Niyazi oğlu Fəxri Fərmanla təltif olunublar. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova əməkdaşları təbrik edərək səmimi arzularını çatdırıb və Fəxri Fərmanları sahiblərinə təqdim edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun 13 fevral 2020-ci il tarixli 17 və 18 nömrəli Əmrlərinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiklərinə görə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə şöbənin Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin zabiti, baş leytenant Sədiyev Sənan Mehman oğlu və müfəttiş Osmanov Emil Sehvalı oğlu Fəxri Fərmana layiq görülüblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimovun 13 fevral 2020-ci il tarixli 29 nömrəli əmri ilə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiklərinə görə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə şöbənin Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin müfəttişi Musayev Habil Əhməd oğlu, şöbədə Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi Piriyev Rövşən Şahvəddin oğlu da Fəxri Fərmanla təltif ediliblər.
GOYEZEN.AZ Geri qayıt |