Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Lələkənddə şəhid olan Vətən oğullarının xatirəsi yad edilib
Qazaxda Lələkənddə şəhid olan Vətən oğullarının xatirəsi yad edilib11-02-2020, 17:58 |
Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən işğalında olan Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 287 nəfər şəhidi olan, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri bu istiqamətdə görülən əməli işlərdir. Bu gün qazaxlılar 1992-ci ilin 29 dekabrında Qazax rayonu istiqamətində Ermənistanın İcevan rayonunun Lələkənd kəndinə edilən əməliyyatı da unutmur. Çünki həmin əməliyyat zamanı ordumuzun 31 əsgəri qəhrəmanlıqla şəhid olub. Və həmin əsgərlərin arasında Qazaxın mərd və igid oğulları da olub. 42 gündən sonra nəşləri geri qaytarılan və 1993-cü ilin 11 fevralında doğma torpaqlarında dəfn olunan igid oğullarımızın qəhrəmanlıqları bu gün də gənclərə örnək göstərilir. Hətta, düşmən əlinə keçməsinlər deyə özlərini partladaraq öldürən həmin şəhidlərimizin Vətən uğrunda göstərdikləri şücaət hər zaman nümunə sayılır. Bu gün həmin əməliyyat zamanı qəhrəmancasına şəhid olmuş, şəhər 5 nömrəli tam orta məktəbin adını daşıdığı Vəliyev Namiq Yusif oğlunun, eləcə də onun timsalında bütün şəhidlərimizin xatirələri yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov anım günü ilə əlaqədar şəhərdəki şəhidlər qəbiristanlığına gələrək şəhidlərin qəbirlərini ziyarət edib, tər qərənfil düzərək dərin ehtiramını bildirib. İcra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatarın rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri də şəhid qəbirlərini ziyarət edərək şəhidlərimizin əziz xatirələrini yad ediblər. Sonra şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu diqqətə çatdırıb. "Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Son 3 ildə şəhid qəbiristanlıqlarında, xiyabanlarda görülən işlərdən söz açaraq bu işlərin ən bariz nümunəsi kimi şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında 287 nəfər şəhidimizin şəkli və adı əks olunmuş lövhələrin vurulmasını, abadlıq işlərinin aparılmasını göstərib.
Rayon rəhbəri Lələkənddə şəhid olan igid Vətən oğullarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu qeyd edib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən ordumuzun qüdrətindən söz açan rayon rəhbəri son illər hərbi sahədə qazandığımız uğurlardan da danışıb. Azərbaycanın hərb tarixinə "Aprel zəfəri” kimi yazılan 5 günlük döyüşdən söhbət açıb. Qeyd edib ki, Aprel döyüşləri təkcə Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərmədi, eyni zamanda, igid və mərd oğullarımızın da olduğunu nümayiş etdirdi. Düşmən gördü və anladı ki, Azərbaycanda Ali Baş Komandan İlham Əliyevin irəli əmrinə hazır olan igid oğulları var, olub və bundan sonra da olacaq. İcra başçısı ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində düşmən tapdağı altında olan bir qarış torpağımızın belə düşməndə qalmayacağını, tezliklə işğalda olan rayonlarımızın, eləcə də Qazaxın 7 kəndinin işğaldan azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını qeyd edib. Gənclərin vətənpərvərlik tərbiyəsində böyüməsində böyük rol oynayan və ənənə halını alan bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyini bildirən icra başçısı bugünkü tədbiri yüksək qiymətləndirib. Şəhid N.Vəliyevin xatirəsini həmişə əziz tutan məktəbin kollektivinə minnətdarlığını bildirib.
Şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva çıxış edərək şəhid N.Vəliyevin həyatından və döyüş yolundan söz açıb, onunla bağlı xatirələrindən danışıb. Qeyd edib ki, O, 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı məktəbin birinci sinfinə daxil olub, 1989-cu ildə onbirinci sinfi bitirib. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilib. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub. N.Tağıyeva məktəbin kollektivi olaraq 1994-cü ildən başlayaraq hər il onun doğum və anım günlərini qeyd etdiklərini bildirib. Onun döyüş yolunu, qəhrəmanlığını yetişməkdə olan gənc nəsilə hər zaman örnək çəkdiklərini diqqətə çatdırıb. Namiq kimi Vətən oğullarının xatirələrini həmişə əziz tutduqlarını dilə gətirib. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev çıxış edərək şəhidlərimizə, onların ailələrinə verilən dəyərə, göstərilən diqqətə, qayğıya görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün ictimaiyyət nümayəndələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün N.Vəliyevin timsalında bütün şəhidlərimizə olan ehtiramı özündə əks etdirən tədbirin keçirilməsini yüksək qiymətləndiriblər. Bu cür tədbirlərin gələcək nəsillərin vətənpərvər ruhda, öz torpağına, elinə-obasına bağlı böyüməsində böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Şəhidin qardaşı Kamandar Vəliyev çıxış edərək Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Bugünkü tədbiri qardaşının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.
Sonra məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq şəhidlərə, onların ailə üzvlərinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.
GOYEZEN.AZ Geri qayıt |