Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının
Qaymaqlı kənd
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə
görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
keçirilib. Hesabat ilində bütün sahələr üzrə uğurlu göstəricilərin əldə
olunduğu, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyi qeyd olunub.
Hesabat yığıncağında Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin
müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər.
Yığıncağın aparılması üçün sədr və katib
seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
Qaymaqlı kəndİƏD-si üzrə
nümayəndə Fikrət Əfəndiyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, başa vurduğumuz 2019-cu il
ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu, eləcə də kəndimiz üçün də hər
bir sahədə uğurlu olub.
Qeyd edib ki, tarixi
qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Qaymaqlı kəndidir. Kəndin
557 təsərrüfatı, 2195 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə,
1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt şöbəsi,
1 EATS, 1 dəyirman, 1 bərbərxana, 3 mağaza fəaliyyət göstərir. İcra
nümayəndəliyi üzrə 2019-cu ildə 2 yazılı, 8 şifahi müraciətə baxılıb nəticələri
barədə həmin vətəndaşlara məlumat verilmişdir. Hesabat ilində icra nümayəndəliyinə
21 məktub daxil olmuş, kənar təşkilatlara 541 arayış və məktub göndərilmişdir. Hesabat
dövründə 18 doğum, 21 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına
kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport
qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.
Əhalidə olan mal-qara və quşların uçota alınaraq təsərrüfatbaşı kitablarda
qeydiyyatı aparılmış və Statistika İdarəsinə hesabat verilmişdir. 2019-cu ildə
görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş
planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə
edilərək müvafiq qərarlar qəbul edilmişdir.
2019-cu ildə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı kənd əhalisi ilə 2 dəfə səyyar
görüş keçirmişdir. Keçirilən görüşlərdə kənd əhalisini narahat edən bəzi məsələlərlə
tanış olan rayon rəhbəri həmin məsələlərin yerində həll olunması üçün aidiyyatı
üzrə tapşırıqlarını vermişdir. Kənd sakinlərinin içməli
suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Respublika Prezidenti İlham
Əliyevin Sərəncamı ilə qazılmış 1 ədəd subartezian quyusu 2019-cu ildə kənd
sakinlərinin istifadəsinə verilmişdir. 2020-ci ildə rayon rəhbərliyinin köməyi nəticəsində
1 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılacaqdır.
2019-cu ildə nümayəndəlik ərazisində
bir çox işlər görülmüşdür. Belə ki, kənd icra nümayəndəliyinin, işçi qrupunun təşəbbüsü
və kənd fəallarının iştirakı ilə kənd qəbiristanlığında, kəndarası yolların kənarlarında
təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək götürülmüşdür. Kəndin
ərazisinin təmiz saxlanılması daima nümayəndəliyin diqqət mərkəzində olmuşdur.
Bundan sonra da daim nəzarət olunacaqdır. Kəndarası yollara və təzə məhləyə gedən
yola xır döşənmişdir. Kənd sakinlərinə xidmət edən sıradan çıxmış 3 ədəd
artezianın nasosu təmir olunmuşdur. Qazax Elektrik Şəbəkəsi tərəfindən kənd
sakinlərinə xidmət edən 2 ədəd transformator təmir edilmiş, istismar müddətini
başa vurmuş 13 ədəd elektrik dayağı yenisi ilə əvəz olunmuşdur. Su itkisinin qarşısını almaq, suvarmanı optimal müddətdə başa
çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə rayonun bütün kəndlərində
olduğu kimi, kəndin su arxlarında da təmizlik işləri aparılaraq lildən,
kol-kosdan təmizlənmişdir. Belə ki, kənd sakinlərinin köməyi ilə 1200 m suvarma
arxları əl əməyi ilə təmizlənmiş, qalan 1000 metr su arxlarının təmizlənməsi isə
texnika vasitəsilə təmizlənib başa çatdırılmışdır.
Qaymaqlı kənd icra nümayəndəliyi ərazisində
folklor evi, kitabxana fəaliyyət göstərir. Folklor evinin və kitabxanaların
işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. 2019-cu ildə bir
çox tədbirlər keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı
soyqırımı, 21 Mart - Novruz bayramı, 9 May - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik
Günü, Qurban bayramı tədbirləri keçirilmişdir.
A.Məmmədov adına Qaymaqlı kənd tam
orta məktəbində 145 şagird təhsil alır, 27 nəfər müəllim təlim–tərbiyə işləri
ilə məşğuldur. 2019-cu ildə məktəbi bitirən 6 şagirddən 5 nəfəri
ali məktəbə daxil olmuşdur.
Qaymaqlı kəndində 2019-cu ildə
elektrik enerjisi və təbii qaz yanacağının verilıməsi fasiləsiz olmuşdur. Əhali
istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər tərəfindən
verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Bütün abonentlər yandırılan
enerjinin və təbii qazın dəyərini ödəyir. Qaymaqlı kənd Poçt şöbəsi əhalidən
enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul
edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. ATS-nin
kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 512 nömrəli yeni
elektron ATS fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və
kompüter xidməti təmin olunmuşdur.
01.01.2020-ci il tarixə əhali və
fermer təsərrüfatlarında 572 baş iribuynuzlu mal-qara, 4647 baş xırdabuynuzlu
qoyun-keçi qeydiyyata alınmışdır. 2019-cu ildə iribuynuzlu heyvanlara qarayara,
davaq əleyhinə peyvəndlər edilmiş, inək və düyələrdə bürüselyoz əleyhinə qanı
alınaraq yoxlanılmış və sağlam çıxmışlar. Xırdabuynuzlu heyvanlarda da həmçinin
qarayara və davaq əleyhinə peyvənd işləri aparılmışdır.
Qaymaqlı
kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ilin məhsulu üçün kənd əhalisi 523
hektarda buğda, 420 hektarda arpa, 130 hektarda kartof, 1 hektarda qarğıdalı,
20 hektar yonca əkib becərmişdir. Tütünçülüyün inkişafı ilə əlaqədar
2019-cu ildə kənddə 3 hektar ərazidə tütün əkilmiş, sahədən 5015 kq məhsul
yığılaraq Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verilmişdir. Bundan əlavə,
280 kq barama istehsal olunmuşdur. 2020-ci
ilin məhsulu üçün 890 hektar şumlama işləri aparılmış, bundan 328 hektara
buğda, 442 hektara isə arpa səpilmişdir. 90 hektarda kartof, qalan 30 hektarda
isə kənd sakinləri tərəfindən digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə
tutulmuşdur.
Pay
torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə
istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın
yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq
bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması
daim diqqət mərkəzindədir. Qaymaqlı kənd icra nümayəndəliyi istər əkinçilik,
istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir.
Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər
olduqda Qaymaqlı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Kənd bələdiyyəsi və kənd icra
nümayəndəliyi işlərini birgə həyata keçirir. Belə ki, kəndarası yolların təmiri,
əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının
və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət
göstərmiş, Qaymaqlı kəndində olan şəhid ailələrinə, Böyük Vətən və Qarabağ
müharibəsi əlillərinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda
yardımlar edilmişdir.
Qaymaqlı kənd tam orta məktəbin direktoru İlham Nəsibov, məktəbin
idman müəllimi Nəbi Süleymanov, Qarabağ müharibəsi əlilləri İbrahim İsmayılov,
Bəylər Paşayev, kənd folklor evinin müdiri Kazım Kazımov və başqaları çıxış edərək
hesabat ilində rayonda, eləcə də Qaymaqlı kəndində görülmüş işlərə, xüsusilə də
sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda vətəndaş amilinin hər zaman
yüksək tutulmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3
ildə Qazaxda olan bu inkişafı, tərəqqini yüksək qiymətləndirdiklərini bildiriblər.
Qaymaqlı kənd tam orta məktəb üçün 180 yerlik yeni binanın inşa olunması xəbərini
sevinc hissi ilə qarşıladıqlarını vurğulayıblar. Buna görə başda ölkə başçısı
olmaqla əməyi keçən insanlara təşəkkürlərini ifadə ediblər. Minnətdarlıq dolu
ürək sözlərini çatdıran sakinlər kənddə mədəniyyət evinin təmir olunmasını, yeni
tikilən məktəbin həyətində oyun meydançasının yaradılmasını, su təminatının
yaxşılaşdırılmasını və s. istəklərini də qeyd ediblər.
Qazax
Rayon İcra Hakimyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında
çıxış edərək bildirib ki, Respublika Prezidenti İlham
Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da
öz bəhrəsini verib. Ölkəmizdə olduğu kimi, rayon rəhbərliyinin diqqət və
qayğısı sayəsində, bilavasitə rəhbərliyi altında Qazax rayonunda da sosial
obyektlərin inşası, kənd təsərrüfatının inkişafı, təhsil, səhiyyə, mədəniyyət,
idman, eləcə də digər sahələrdə yüksək nailiyyətlər əldə olunmuşdur. Bu gün
Qazaxda elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın. Son 3
ildir ki, həyata keçirilən bu genişmiqyaslı quruculuq və abadlıq Qazaxın
simasını köklü şəkildə dəyişmiş, respublikamızın ən inkişaf etmiş və abad
rayonlarından birinə çevrilmişdir.
Respublikamızda, eləcə də Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsinin uğurla icra edildiyini bildirən müavin bunun bariz nümunəsi olaraq
ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam
orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər
Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220
şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın
inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd
tam orta məktəbi üçün yeni binanın tikilməsini göstərib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Gulaya Həsənova hesabat yığıncağına yekun vuraraq 2020-ci ildə qarşıda daha
böyük vəzifələrin olduğunu qeyd edib və gələcək işlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Geri qayıt
|