Əsas Səhifə > Manşet / Rəsmi > Ürkməzli kəndində səyyar görüş keçirilib

Ürkməzli kəndində səyyar görüş keçirilib


27-01-2020, 22:02

Bu gün 2020-ci ilin proqramına uyğun olaraq Ürkməzli kəndində ilk səyyar görüş keçirilib. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər həftə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçiriləni görüşdə 2019-cu ilin uğur və nailiyyətləri, həyata keçirilən genişmiqyaslı işlərlə yanaşı sakinləri narahat edən məsələlər də dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq 2020-ci ilin gəlişi münasibətilə səmimi arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin sakinlərin qayğılarını dinləmək, onlartərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. Bundan əlavə, vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.

Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri sadalananların birbaşa xalqa xidmət edən əsas amillər olduğunu qeyd edib. Buna misal olaraq əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını göstərib. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatlar bir daha sübut etdi ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət siyasətinin mərkəzində hər zaman ölkə vətəndaşı dayanır və bundan sonra da dayanacaq. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib.

"Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında uğurla davam etdirilir”, - deyən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini də həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi olaraq göstərib.

2016-2019-cu illərdə rayonda görülən işləri müqayisə edən icra başçısı Respublika Prezidentinin diqqət və qayğısı sayəsində abadlıq və quruculuğun hər il daha geniş vüsət aldığını söyləyib. Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini,  "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.Ən əsası da rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən birinin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin başa çatdırılmasını 2019-cu ilin uğuru kimi qeyd edib. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini bildirib.


Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərib. 

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə mövcud olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Ürkməzli kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan icra başıçısı bu qayğının Qazaxda da daim hiss olunduğunu bildirib. Bu gün rayonda Qarabağ müharibəsi əlili və şəhid ailəsi olaraq 192 nəfərin ev növbəsində olduğunu, bu il 35 nəfər üçün ev tikintisinin nəzərdə tutulduğunu qeyd edib.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə istifadəyə verilib. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və həmçinin Ürkməzli kəndində də qazılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Digər kəndlərdə olduğu kimi, Ürkməzli kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını bildirib.

Ürkməzli kənd sakinlərindən Nüsrət Musayev, kənd tam orta məktəbin direktoru İlqar Miralayev, tibb məntəqəsinin müdiri Şirudə Mehrəliyeva, Süleyman Rzayev, Minarə Süleymanova, İlqar Vələdov, Dəmirçilər kənd tam orta məktəbindirektor müavini Gülnar Osmanova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə minnətdarlıqlarını bildiriblər. Rayonda, o cümlədən Ürkməzli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə bütün kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. Xüsusilə də kənddə su probleminin qismən də olsa aradan qaldırılmasına və həmin işlərin bu il də uğurla davam etdirilməsinə görə razılıqlarını ifadə ediblər. Vətəndaşların Ürkməzli kəndində uşaq bağçasının açılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri bu məsələyə də diqqətlə baxılacağını və nəzərdə tutulduğunu bir daha söyləyib.








GOYEZEN.AZ


Geri qayıt