Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Kosalar kənd tam orta məktəbində olub
İcra başçısı Kosalar kənd tam orta məktəbində olub24-01-2020, 20:30 |
Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısı təkcə paytaxt Bakını deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarında yeni təhsil ocaqlarının, çoxsaylı məktəblərin inşa olunması, yaxud da əsaslı şəkildə yenidən qurulması kimi bəndlərin öz əksini tapması bu sahəyə olan dövlət qayğısından xəbər verir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə də təmirə ehtiyacı olan 11 məktəb salınıb. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan yüksək diqqət və qayğının Qazaxın timsalında daha bir bariz nümunəsidir. Xəbər verdiyimiz kimi, hazırda həmin məktəblərdən biri - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Artıq 6 aydır ki, böyük bir tikinti meydançasını xatırladan məktəbdə əsaslı tikinti işləri arxada qalıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə hazırki işlər barədə məlumat verilərək bildirilib ki, demək olar ki, son tamamlanma işləri görülür. Məktəb binasında bütün qapı və pəncərələr qoyulub. Otaqlarda tavanda işıqlanma və rənglənmə işləri başa çatıb. Həmçinin döşəməyə keramoqranit vurulması da yekunlaşıb. Binanın xarici fasadında suvaq yekunlaşan hissələrdə nəzərdə tutulan yerlərə aqlay vurulması işi həyata keçirilir. Bundan əlavə, məktəbin həyətinə giriş qapısı və hasararası məhəcərlər qoyulub. Akt zalı, yeməkxana və idman zalında da xeyli işlər görülüb və sürətlə davam etdirilir. Bundan başqa, məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxanada da son tamamlanma işlərinin aparıldığı qeyd edilib. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalının inşasının da uğurla həyata keçirildiyi vurğulanıb. Sonra rayon rəhbəri təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən və tam hazır olan yardımçı binaya da baxış keçirib. Sinif otaqlarında dərs alan şagirdlərlə görüşüb. İcra başçısına məlumat verilib ki, birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Hazırda səhər növbəsində 12, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur. Məlumat üçün onu da qeyd edək ki, hazırda Qazaxda daha iki məktəb üçün yeni inzibati binalar inşa olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşasına başlanılıb.
GOYEZEN.AZ Geri qayıt |