Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid ailələri üçün bayram süfrəsi

Qazaxda şəhid ailələri üçün bayram süfrəsi


18-03-2017, 23:28
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi
Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Rayon icra hakimiyyətinin rəhbərliyi şəhid ailələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Rayonda müxtəlif bayramlarda olduğu kimi, Novruz günlərində də şəhid ailələri unudulmamış, onlar üçün bayram süfrəsi açılmışdır.

Rayon icra hakimiyyəti tərəfindən şəhid ailələri üçün təşkil olunmuş bu bayram tədbirində onların valideynləri, digər ailə üzvləri, yaxınları, doğmaları iştirak etmişlər.
Mərasimdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış etmişdir. O, şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik etmiş, onlara bol ruzi və bərəkət arzulamışdır.

Rayon rəhbəri demişdir ki, şəhidlərimizin ruhu hər birimiz üçün əziz və müqəddəsdir. Onların hər birinin ailəsi bizim ailəmizdir. Bu gün onlar bizim aramızda olmasalar da, hər zaman qəlbimizdə yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər.

R.Babaşov çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onların ailə üzvlərini bir daha bayram münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişdir.

Sonra şəhidlərin valideynləri, yaxınları çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə, problemləri ilə yaxından məşğul olduğuna görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, biz təkcə bu gün deyil, hər zaman arxamızda bir güc, bir qüvvə hiss etmişik. Bu gücü, bu inamı bizə Prezident İlham Əliyev verib.

Sonra məktəblilərin ifasında Vətənə və şəhidlərimizə həsr olunmuş səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib. Bayram şənliyi musiqi sədaları altında davam edib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri
18 mart 2017-ci il


Geri qayıt