Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm
etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi
ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd
olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla
soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə
sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram
edilir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və
həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail
olmuşdur.
Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici
siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional
layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji
təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və
logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi
potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı
zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.
Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət
idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik
ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb
edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə
yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm
ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın
maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi
proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş
verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və
multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə
insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin,
sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər
beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə,
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə
Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin
Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz
nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında
yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı
üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyi münasibətilə Azərbaycanda "Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni
həyatımızın builki əlamətdar səhifələrindən biridir. "Nəsimi İli” çərçivəsində
ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər
Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq
qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə
güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin
Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər
ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan
torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər
çalacağı gün uzaqda deyildir.
Azərbaycan Respublikası hazırda özünün parlaq və
davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan,
lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi
prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri
yüksək qiymətləndirilməlidir.
Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq,
soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz
milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq,
Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz
həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor
təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu
amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca
tutacağına inanıram.
Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə
xoşbəxtlik və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2019-cu il.
Geri qayıt
|