Bildiyiniz kimi, 2020-ci ildən etibarən
ölkəmizdə 20 regionda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati
ərazidə icbari tibbi sığortanın ilkin mərhələsi tətbiq olunacaq. Bu məqsədlə cari
ilin noyabr və dekabr ayları ərzində maarifləndirilmə tədbirləri təşkil olunub.
Bu gün Qazaxda da növbəti
maarifləndirici tədbir keçirilib. Qazax Gənclər Mərkəzində baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi
Elvin Abbasov, idarə,
müəssisə və təşkilat rəhbərləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzə
nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak
ediblər.
Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış edərək Agentliyin əməkdaşını
salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Son illər dövlət
tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışan müavin "Azərbaycan
Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə Prezidenti
İlham Əliyevin tapşırığına əsasən hər il ölkəmizdə fevralın 12-dən may ayının
12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyasını əhalinin sağlamlığının
qorunması məqsədilə həyata keçirilən davamlı tədbirlər kimi göstərib.
G.Həsənova
Azərbaycanda səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi
yardımla təmin olunmasını ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin
prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edib. Ölkədə icbari
tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə
ölkə başçısı İlham Əliyevin 29 noyabr 2016-cı il tarixli 1127 nömrəli Fərmanı
ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində
icbari tibbi sığortanın tətbiqinin pilot layihə olaraq həyata keçirilməsini bu
sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. "Azərbaycan Respublikasında
icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqına” ölkə başçısının 20 dekabr 2018-ci il tarixli Fərmanını və həmin
Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində verilən tapşırıqların bu
gün də uğurla icra olunduğunu bildirib. İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB)
yaradılmasını bu sahədə görülən işlər kimi nümunə göstərib. Aprel ayından
Qazaxda başlanılacaq icbari tibbi sığorta haqqında ətraflı məlumatlanmaq üçün
bugünkü tədbirin olduqca böyük əhəmiyyət daşıdığını bildirib.
Qazax Rayon Mərkəzi
Xəstəxanası Publik hüquqi şəxs-baş direktor Sevda Məmmədova çıxış edərək ölkə
başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin
prioritetlərindən olan tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və
müasir tələblərə uyğunlaşdırmaq, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin
artırılmasına nail olmaq və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin
etmək məqsədilə icbari tibbi sığortanın ölkəmizdə tətbiqini yüksək qiymətləndirdiyini
qeyd edib. 2020-ci ilin aprelindən Qazaxda tətbiq olunacaq icbari tibbi
sığortanın vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunmasında böyük
töhfə verəcəyini söyləyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi Elvin Abbasov çıxış edərək tədbir iştirakçılarını salamlayıb
və tədbirin təşkilində göstərdiyi köməyə görə rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Sonra icbari tibbi sığortanın mahiyyətini özündə əks etdirən dolğun məlumatlar
çatdırıb. E.Ababsov icbari tibbi sığortanın əhalinin tibbi yardım almaq
hüququnu təmin edən sistem olduğunu, bu sistemin sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi
çərçivəsində tibbi yardım almasını təmin etdiyini qeyd edib. Vurğulayıb ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyədə
yeni maliyyələşmə mexanizmini tətbiq etmək, tibbi xidmətlərə əlçatanlığı təmin
etmək, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdır.
Mərhələli şəkildə tətbiq
olunacaq icbari tibbi sığortanın əhatə etdiyi bölgələrdən söz açan natiq 4 rüb
üzrə olmaqla bütün bölgələri əhatə edəcəyini bildirib. Birinci rübü Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı,
Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab,
Kürdəmir şəhər və rayonlarının
əhatə etdiyini qeyd edib.
İkinci rübdə isə Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir,
Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Naftalan, Xankəndi,
Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Qubadlı və Zəngilan şəhər və rayonlarında tətbiq
olunacağını diqqətə çatdırıb.
Üçüncü rübdə Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan,
Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad, dördüncü rübdə isə Bakı, Sumqayıt, Abşeron şəhər və
rayonlarında həyata keçiriləcəyini bildirib.
Daha
sonra E.Abbasov icbari tibbi sığorta haqları, xidmətlər zərfi, xidmətlər zərfinə
daxil olan tibbi xidmətlər, stasionar müalicə üçün qəbul qaydaları, stasionar
müayinə–müalicə, ambulator xidmət təminatı, ilkin səhiyyə xidməti üzrə təminat,
ailə həkiminə müraciət, tibbi ərazi bölmələrinin siyahısı haqqında ətraflı
və izahlı məlumatlar çatdırıb.
Sonda
tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt
|