Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq
olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə
qeyd edirəm və bu, sadəcə olaraq, sözdə deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar
və qətnamələri olub. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks
etdirərək öz həllini tapıb. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin
imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə
Görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapıbdır. İkitərəfli
imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır.
GOYEZEN.AZ AZƏRTAC-a xəbər verir ki, "İlham Əliyev.
İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 91-ci
kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Olimpiya Komitəsində
2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində söyləyib.
Akademik Ramiz
Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı
materiallar 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayınadək olan dövrü
əhatə edir.
Çoxcildliyin 91-ci kitabında Prezident
İlham Əliyevin Belarus və Türkmənistan respublikalarına, Rusiya Federasiyasına
rəsmi və işgüzar səfərləri çərçivəsində keçirdiyi görüşlər, habelə imzalanan
sənədlər haqqında informasiyalar, dövlət başçılarının mətbuata birgə
bəyanatlarının mətnləri yer alıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin
Türkiyə, Rusiya, İran, ABŞ və digər dövlətlərin, NATO-nun yüksəkvəzifəli
nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin
başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə
yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu
bu kitabda Azərbaycan Prezidentinin paytaxtımızda iqtisadi, sosial, mədəni
infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, XXIV Azərbaycan
Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi –
"BakuTel-2018" ilə tanışlığına dair materiallarla,
"Rossiya-24" televiziya kanalına müsahibələrinin mətnləri ilə də
tanış ola bilər.
Nəşrdə
dövlətimizin başçısının Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə
respublikanın ədliyyə işçilərinə və hakimlərə, Azərbaycan müəllimlərinin XV
qurultayının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının V qurultayının iştirakçılarına məktubları, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına,
Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına
təbriklərinin mətnləri və digər məktublar toplanıb.
Kitabda
"Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar"
göstəriciləri verilib.
"Azərnəşr"
tərəfindən buraxılan 91-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC)
materiallarından istifadə olunub.
Geri qayıt
|