Əsas Səhifə > Manşet / Rəsmi > Daş Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib

Daş Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib


7-11-2019, 23:33


Bu gün Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında keçirilən növbəti səyyar görüş Qazax rayonunun Daş Salahlı kəndində olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərilən xidmətlər, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığı qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, qarşıdan gələn 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Daş Salahlı kəndində on ayda onbirinci dəfə görüşdüyünü bildirib. Şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətini qeyd edən rayon rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.

Ölkə başçısının son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən dövlət məmurlarının fəaliyyəti haqqında söylədiyi fikirləri qeyd edən icra başçısı bildirib ki, həmin görüşlər zamanı ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr, aydın şəkildə çatdırdığı fikirlər bir daha onu göstərdi ki, hər bir dövlət məmuru gördüyü işlərə görə məsuliyyət daşıyır.

Rayon rəhbəri ötən il növbəti dəfə Prezident seçilən dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi qiymətləndirib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.

Görüşdə ölkə başçısının rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı mübarizə tədbirlərindən, bu sahədə barışmaz mövqedə olmasından söz açan rayon rəhbəri bu gün həmin amilin hər bir dövlət məmuru üçün diqqət mərkəzində saxladığı sahə olduğunu söyləyib.  

Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirələrinin hər zaman əziz tutulduğunu bildirib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini şəhidlərimizə olan ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını şəhidlərimizin ruhu qarşısında edilən ən yüksək əməl kimi dəyərləndirib. Bu gün Vətən torpaqları bütöv olsun deyə Daş Salahlı kəndinin xeyli sayda şəhid verdiyini bildirib və bütün şəhidlərin xatirəsinin daim yüksəkdə tutulacağını bir daha diqqətə çatdırıb.

Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. 

Ölkə rəhbərinin diqqət və qayğısı, verdiyi tapşırıq və tövsiyələr sayəsində aqrar sektorun Qazaxda da inkişaf etdiyini, xüsusilə də kənd təsərrüfatı və sənayeləşmə ilə bağlı aparılan uğurlu islahatların bu gün ölkəmizin iqtisadiyyatına böyük töhfələr verdiyini qeyd edib. İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Azərbaycanda ilk dəfə olaraq Qazaxda inşa olunan "Gedik-Carçı” Elektrod Zavodunu rayonda sənayeləşmə sahəsində əldə olunan ən böyük uğur kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib. Bundan başqa, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini rayon sakinlərinin də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb və bir daha sakinlər adından ölkə başçısına minnətdarlığını bildirib.

İcra başçısı bütün sahələrdə olduğu kimi səhiyyə sahəsinin də daim diqqət mərkəzində olduğunu bildirib. Ölkə başçısının qayğısı sayəsində Qazaxda inşa olunan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksini bu sahədə çalışan insanlara olan ən böyük töhfə kimi dəyərləndirib. Bundan əlavə, bu gün rayonda ən böyük layihələrdən biri olan şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasını və uzun illər mövcud olan bu problemin köklü şəkildə öz müsbət həllini tapmasını yenə də dövlətin öz vətəndaşına olan qayğısı kimi qeyd edib.

Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Daş Salahlı kəndinin olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi dəyərləndirib. Bundan başqa, mərkəzi yolla yanaşı ara küçələrdə yerləşən yollara da çınqıl tökülərək hamarlanmasını bildirib və bununla bağlı aidiyyatı üzrə tapşırıq verib.


İcra başçısı son 3 ildə bağçalarla bağlı görülən işlərdən də söhbət açıb. Bu gün rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 uşaq bağçasından 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının ən bariz nümunəsi kimi dəyərləndirib. İcra başçısı bu gün həmin təmirli bağçalardan ikisinin məhz Daş Salahlı kəndində olduğunu bildirib. Qeyd edib ki, bir neçə təmirə ehtiyacı olan bağça var ki, onlardan biri də Daş Salahlı kəndində yerləşən 1 saylı bağçadır və bununla bağlı məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.

Çoxmənzilli yaşayış binalarında görülən işlərdən danışan rayon rəhbəri vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan artıq 120-a yaxın binanın əsaslı təmir olunduğunu və bu sahədə görülən işlərin sürətlə davam etdirildiyini bildirib.

İcra başçısı Daş Salahlı kəndində mövcud olan problemlərdən birinin məhz kəndin içməli və suvarma suyu məsələsinin olmasını qeyd edib. Rayon rəhbəri bu məsələnin də köklü şəkildə həllini tapması, kəndin su və kanalizasiya sisteminin yenidən qurulması kimi məsələnin "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapdığını və bu sahədə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. İcra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını qeyd edib. 

Sakinlərdən Tofiq Cəfərov, Nemət Əliyev, Qətibə Kazımova, Solmaz Aşırova, Hicran Məmmədova, Yolçu Əliyev, Pəri Pənahova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son 3 ildə rayonda, eləcə də Daş Salahlı kəndində görülən işlərin hər bir qazaxlının ürəyincə olduğunu bildiriblər. Kənddə iki uşaq bağçasının təmir olunmasını, yeni asfalt yolun çəkilməsini, aparılan abadlıq və quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.  

Görüşdə sakinlər kənddə 1 saylı körpələr evi-uşaq bağçasının təmir olunması, SİP kabelləşmə işinin tam başa çatdırılması, içməli və suvarma suyu ilə bağlı məsələnin həll olunması, Daş Salahlı kənd sənətkarlıq evinin qarşısındakı lövhənin yenilənməsi və müxtəlif səpkili müraciətlər ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verib.







 

GOYEZEN.AZ


Geri qayıt