Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır

Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır


6-11-2019, 21:01

Respublika Prezidenti cənab İlham Əliyevin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin əsasını hər zaman vətəndaş amili təşkil edir. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onun söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapmaqdadır. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətində Rayon Məşğulluq Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon şöbəsinin və 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının kollektivləri ilə keçirilən iclasda icra başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr, bildirilən iradlar bir daha onu göstərdi ki, rayonda vətəndaş amili bundan sonra da həmişə ön planda olacaq.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Ölkə başçısının son günlər apardığı kadr dəyişikliyi, yeni təyin olunan dövlət məmurlarını qəbul etməsi, həmin görüşlər zaman verdiyi tapşırıq və tövsiyələr barədə fikirlərini çatdıran rayon rəhbəri həmin görüşlər zamanı deyilən sözlərin bu gün hər bir dövlət məmuruna aid olduğunu bildirib. İcra başçısı həmin görüşlər zamanı ölkə rəhbərinin vətəndaşlara qarşı necə davranılmalı olduğunu, həmişə onlara həssas münasibət göstərilməsini, ölkəmizdə şəffaflığın tam təmin olunması üçün rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olduğunu dəfələrlə səsləndirdiyini qeyd edib.

İcra başçısı yuxarıda adları qeyd olunan hər üç sahənin ən həssas və vətəndaşların qayğılarının tam əhatə olunduğu sahələr olduğunu bildirib. Odur ki, hər bir vətəndaşın haqlı-haqsız olub-olmamasından asılı olmayaraq onların müraciətlərinə, istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı vurğulayıb.

Rayon rəhbəri qeyd edib ki, əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amilinin dayandığını söyləyiriksə, biz məmurlar da hər zaman çalışmalıyıq ki, həmin siyasəti olduğu kimi yerinə yetirək və həmin amilin bütün respublikada ön planda olduğunu öz əməli işlərimizlə göstərək.

Bugünkü iclasın da əsas məqsədinin məhz bu amili çatdırmaq olduğunu qeyd edən icra başçısı vətəndaşlara olan diqqət və qayğının, rayonda bütün sahələr üzrə olan şəffaflığın bundan sonra da olduğu kimi yerinə yetiriləcəyini bildirib. Vətəndaşlara göstərilən diqqət və qayğının, səmimi münasibətin kökündə onların məmnunluğunun dayandığını vurğulayan rayon rəhbəri hər bir vətəndaşın razı qalması üçün hər bir işçinin böyük səylə çalışmasını söyləyib.

Sonda rayon rəhbəri vətəndaş-dövlət məmuru münasibətinin ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə qurulması üçün tək idarə, müəssisə, təşkilat rəhbərlərinin deyil, bütün kollektivlərin səfərbər olmalarını qeyd edib və bununla bağlı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib. Verilən göstərişlərdən, söylənilən fikirlərdən nəticə çıxarmalarını tövsiyə edib.

GOYEZEN.AZ


Geri qayıt