Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı "Gedik-Carçı” Elektrod Zavodunda mövcud vəziyyətlə tanış olub
İcra başçısı "Gedik-Carçı” Elektrod Zavodunda mövcud vəziyyətlə tanış olub8-10-2019, 17:14 |
Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi yeni sənaye müəssisələrinin yaradılması istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Bunu son illər ölkəmizdə inşa olunan sənaye müəssisələrinin sayının ildən-ilə artması da əyani şəkildə sübut edir. Sevindirici hal isə odur ki, bu sahənin inkişafı istiqamətində görülən işlər təkcə paytaxt Bakını deyil, bütün bölgələrimizi əhatə edir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Qazaxda "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yaradılan yeni istehsal müəssisələrindəndir. Azərbaycanda ilk dəfə olaraq Xanlıqlar kəndi ərazisində inşa olunan bu yeni elektrod zavodu ölkə sənayesinin inkişafı ilə yanaşı həm də rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin zavoda baş çəkib, mövcud vəziyyət və istehsal olunan məhsullarla tanış olub. Məlumat üçün qeyd edək ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib. Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və artıq elektrod istehsal olunur. Zavodda olan bütün avadanlıqlar müasir standartlara cavab verən səviyyədədir. İstehsal olunan məhsulun keyfiyyətinə də xüsusi diqqət ayrılır. Bu gün ilk dəfə olaraq Qazaxda tikilən bu zavod nəinki daxili bazara, eləcə də xairici bazara da öz məhsullarını ixrac etməyi planlaşdırır.
GOYEZEN.AZ Geri qayıt |