Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda BDU-nun 100 illik yubileyi keçirilmişdir
Qazaxda BDU-nun 100 illik yubileyi keçirilmişdir4-10-2019, 11:08 |
Resoublika mətbuatı Qazax haqqında
Qazaxda Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. BDU Qazax filialının Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, universitetin əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər. BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, müəllim və tələbələri Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Respublika Prezidenti cənab İlham Əliyevin elmə, təhsilə, ziyalılara verdiyi yüksək dəyər və qiymətdən söz açan A.Rüstəmov Qazaxla, ziyalılarla bağlı dövlət başçısının imzaladığı sərəncamların bu gün də qazaxlılar tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırıb. 2017-ci ilin 14 noyabrında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin, 2018-ci ilin 3 noyabrında Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin, 2019-cu ilin 28 yanvarında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinin respublika səviyyəsində qeyd olunması ilə bağlı imzalanmış sərəncamları ziyalıların yüksək qiymətləndirdiyini bildirib. Yubileylə bağlı keçirilən silsilə tədbirlərin BDU-nun Qazax filialında davam etdiyini qeyd edən A.Rüstəmov bu tədbirin keçirilməsinə görə universitetin rektoru Elçin Babayevə müəllimlər və tələbələr adından təşəkkürlərini çatdırıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov bu qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini qeyd edib. Azərbaycan Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksəkixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət təhsil sisteminin inkişafına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi filialın müəllim-tələbə kollektivi adından dərin minnətdarlığını bildirib. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən A.Rüstəmov bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından təşəkkürlərini çatdırıb. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Rektor Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax müəllimlər seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb. Böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı sayəsində seminariyanın Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. 100 illik şanlı tarixi bir yol qət edən Bakı Dövlət Universitetinin Azərbaycan təhsil sisteminin inkişafında oynadığı rolu, həmin ali təhsil ocağının Azərbaycana bəxş etdiyi ziyalıları qeyd edən rektor universitetin 100 illiyi ilə bağlı imzalanmış Sərəncamı yüksək dəyərləndirib. Həmin Sərəncamla yubiley tədbirlərinin silsiləli şəkildə davam etdiyini, ən son noyabr ayında yekun tədbirin keçiriləcəyini vurğulayıb. Rektor BDU-nun Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən də danışıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, BDU-nun 100 illik yubileyi münasibətilə hər birini təbrik edib. Bildirib ki, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının inkişafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradıldı. Ölkənin mövcud vəziyyətində böyük çətinliklərin olmasına, universitetin təşkili əleyhinə mühafizəkar səslərin ucalmasına baxmayaraq, universitetin yaranmasını xalqımızın böyük gələcəyi kimi qiymətləndirən ziyalılar öz qərarlarında israrlı idi. Uzun müzakirələrdən sonra böyük çətinliklə olsa da, 1919-cu il sentyabrın 1-də parlament Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında Qanun qəbul etdi. İcra başçısı qeyd edib ki, Bakı Dövlət Universitetinin birinci onillikdəki fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə belə bir həqiqət aşkara çıxır ki, zamanın keşməkeşlərinə, hakimiyyət dəyişikliklərinə, siyasi arenadakı ab-havaya baxmayaraq, Universitet öz fəaliyyətini uğurla davam etdirmiş, respublikanın elm, təhsil və mədəni həyatında, yüksəkixtisaslı milli kadrların yetişməsində, milli şüurun formalaşmasında, milli ziyalılar ordusunun daha da mətinləşməsində misilsiz rol oynamışdır. Rayon rəhbəri bildirib ki, Bakı Dövlət Universitetinin 100 il ərzində keçdiyi yolun əsas və olduqca zəngin mərhələlərindən biri Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı mərhələdir. Bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu mərhələ bir çox cəhətdən əlamətdar olmuş, böyük hadisələrlə dolu olan bir mərhələ kimi universitetin tarixində dərin izlər qoymuş, onun fəaliyyətinə yeni müstəqilliyin ab-havasını gətirmişdir. ÜmummilliLider Heydər Əliyev bu təhsil ocağını yüksək qiymətləndirərək demişdir: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir”. Bu fikri əsas götürərək deyə bilərik ki, həqiqətən, Bakı Dövlət Universiteti ölkə həyatının bütün sahələrinə öz təsirini göstərmiş, elm sahələrinin inkişafında əvəzsiz rolu olmuşdur. 2019-cu il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universitetinin 100 ili tamam olur. Həmin yubileyin ölkə miqyasında qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında 14 noyabr 2017-ci il tarixli Sərəncam imzalanmış, tarixi yubileyin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilmiş, Nazirlər Kabinetinin 1 may 2018-ci il tarixli Qərarı ilə yubileyə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmiş, bu istiqamətdə tədbirlərin gerçəkləşməsinə start verilmişdir. Rayon rəhbəri vurğulayıb ki, ölkənin ən nüfuzlu universitetinin Bakı Dövlət Universitetinin Qazax filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rol və şəffaf fəaliyyəti göz önündədir. 29 aprel 2016-cı ildən ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyət göstərən təhsil müəssisəsində hazırda 17 ixtisas üzrə respublikanın 63 rayonundan 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb. Tədbirdə Riyaziyyat və informatika kafedrasının müdiri Hüseyn Xəlilov, tələbə Səbinə Camalova çıxış ediblər. Sonda filialın direktoru Arif Rüstəmova uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 60 illik yubileyi münasibətilə Universitetin rəhbərliyi tərəfindən Fəxri Diplom təqdim olunub. Bakı Dövlət Universitetinin yeni bayrağı isə filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verillib. Vəli VƏLİYEV, 4 oktyabr 2019-cu il
Geri qayıt |