Əsas Səhifə > Manşet / Şəhidlər > Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazaxda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib

Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazaxda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib


20-09-2019, 16:20


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Bu gün Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul başa çatdıqdan sonra Vergilər nazirinin müavini Sahib Ələkbərov və nazirliyin əməkdaşları Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Memorial önünə tər qərənfillər düzərək Vətən övladlarına olan ehtiramlarını bildiriblər.

Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin şəkli və adları əks olunmuş lövhə önündən keçən qonaqlara xiyabanda görülmüş abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra "20 Yanvar" şəhidlərinin xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun olaraq "Şəhidlər xiyabanı" abidə kompleksində yenidənqurma işlərinə başlanılıb və 19 yanvar 2012-ci il tarixdə istifadəyə verilib. 2017-ci ildə isə xiyabanda yenidən əsaslı təmir işləri aparılıb, şəhidlərin adı və şəkli əks olunmuş lövhələr vurulub. Xiyabanda dekorativ gül kolları əkilib, şəhidlərimizin adına layiq hala gətirilib. Qeyd olunub ki, bu gün Qazax rayonunun 287 nəfər şəhidi var ki, onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Bildirilib ki, bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzərək, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.

Şəhidlər xiyabanında aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən nazir müavini bu xiyabanın şəhidlərimizin əziz xatirəsinə olan ən böyük ehtiram kimi dəyərləndirib. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu vurğulayıb.


 

GOYEZEN.AZ


Geri qayıt