Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxın sərhəd kəndi olan Cəfərlidə sakinlərlə səyyar görüş keçirilib
Qazaxın sərhəd kəndi olan Cəfərlidə sakinlərlə səyyar görüş keçirilib12-09-2019, 22:36 |
Bu gün dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüşlərdən biri Qazaxın sərhəddə yerləşən Cəfərli kəndində keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. "Artıq bu il üzrə beşinci dəfədir ki, sizlərlə görüşürəm”, - deyən icra başçısı keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Şəhərdə, eləcə də kəndlərdə keçirilən səyyar görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da kənddəki mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, imzalanan mühüm Fərman və Sərəncamlardan da söz açıb. İstər 2018-ci ilin axırları, istərsə də 2019-cu ilin ilk altı ayında sosial paketin icrası ilə bağlı imzalanmış sərəncamları, həmin sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini vətəndaşlara olan diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı sərəncamların əhəmiyyətini vurğulayan rayon rəhbəri əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən sosial paketin hələ bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.
İcra başçısı son illər ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində işsizliyin aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən də söz açıb. Bu gün Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan obyektləri işsizliyin minimuma endirilməsi sahəsində görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. 3-ü sənaye müəssisəsi olmaqla 5 obyektin - ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun açılışlarının nəzərdə tutulduğunu bildirib. Bundan başqa, su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib. Son 3 ildə Qazaxda bütün sahələr üzrə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən icra başçısı 2016-cı ildə rayonun əkin sahəsinin 14 min hektar olduğu halda, bu gün həmin sahənin genişləndirilərək 24 min hektara çatdırıldığını qeyd edib. Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan sahələrin - baramaçılığın, tütünçülüyün, kartofçuluğun inkişaf etdirildiyini vurğulayıb. Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri buna misal olaraq su-kanalizasiya sisteminin yenidən qurulmasını, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının salınmasını və bu gün tikintinin uğurla davam etdirilməsini göstərib. Təhsil sahəsində qazanılan uğurlardan danışan icra başçısı bu il ali və orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul olmasını, 15 nəfərin 600 baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərməsini həmin uğurun əyani sübutu kimi qiymətləndirib. Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbi bitirən 7 nəfər məzundan 4 nəfərin ali, 2 nəfərin isə orta ixtisas məktəbinə daxil olaraq tələbə adını qazanmasını yüksək dəyərləndirib və məktəb kollektivinə uğurlar arzulayıb. Çoxmənzilli yaşayış binalarında görülən işlərdən danışan rayon rəhbəri qeyd edib ki, vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan 120-dən çoxu əsaslı təmir olunub. Bu sahədə görülən işlər sürətlə davam etdirilir. Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da - Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu qeyd edib. Məhz həmin kəndlərdən birinin yenə də Cəfərli kəndi olduğunu diqqətə çatdırıb. İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Digər kəndlərdə olduğu kimi, Cəfərli kəndində bu sahədə xeyli işlər görüldüyünü vurğulayan rayon rəhbəri ən son Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən kənddə əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25 tonluq su çənlərinin qoyulmasını, kənddəki mövcud subartezian quyusunun nasosunun və boruların yenisi ilə əvəz edilməsini qeyd edib.İcra başçısı kənddə həlli vacib olan bir sıra məsələlərdən də söz açıb. Hazırda kənddə torpaq islahatının aparılmaması, qəzalı vəziyyətdə olan evlərin təmiri kimi məsələlərin olduğunu bildirib və bu istiqamətdə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Sakinlərdən ağsaqqal Sabir Vəliyev, Məhəmməd Mustafayev, Seyfəddin Vəliyev, Solmaz Mustafayeva, Elşad Mustafayev, Mehman Nəbiyev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, sərhəd kəndində yaşayan sakinlərə daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, o cümlədən də Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, eləcə də digər görülən işləri yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların yaşayış evinə qaz xəttinin çəkilişi, yeni çəkilən su xəttinin təzə qazılan subartezian quyusuna qoşulması, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ Geri qayıt |