Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub

İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub


9-09-2019, 21:25

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov artıq iki aydır ki, əsaslı şəkildə yenidən qurulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub.

İş icraçısı Əhməd Rəhimov görülən işlər barədə məlumat verərək təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin yekunlaşmaq üzrə olduğunu bildirib. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada işlərin Bilik Gününə kimi tam başa çatacağını qeyd edib.

Əsas məktəb binasında görülən işlər barədə məlumat verən iş icraçısı qeyd edib ki, binanın dam örtüyünün vurulması artıq yekunlaşıb. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq işləri tam başa çatıb. Hazırda üçüncü mərtəbədə ehtiyac olan hissələrdə arakəsmələr hörülür, elektrik xətti çəkilir. Santexnik işi isə tamamlanıb. Otaqlarda döşəmənin vurulması üçün hazırlıq işləri görülür. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) demək olar ki, yekunlaşıb. Eyni zamanda akt zalı və yeməkxana üçün nəzərdə tutulan binalarda söküntü və suvaq işləri başa çatıb. İdman zalında isə yekunlaşmaq üzrədir.

Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.

Onu da qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri öz əksini tapıb ki, həmin məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin istismara yararsız olması nəzərə alınaraq əsaslı şəkildə yenidən qurulur.










 

GOYEZEN.AZ


Geri qayıt