Əsas Səhifə > Manşet / Sosial > İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlər sürətlə davam etdirilir
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlər sürətlə davam etdirilir3-09-2019, 20:21 |
Ötən yazılarımızda xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri öz əksini tapıb. Həmin 5 illik proqramda təmiri nəzərdə tutulan məktəblərdən biri də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin istismara yararsız olması nəzərə alınaraq əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Artıq iki aya yaxındır ki, davam etdirilən tikinti işləri uğurla həyata keçirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub. İş icraçısı Əhməd Rəhimov görülən işlər barədə məlumat verərək əsas binada, eləcə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin paralel şəkildə aparıldığını bildirib. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binanın dam örtüyünün vurulduğunu, pəncərələrin qoyulduğunu, daxili və xarici fasadda suvaq işlərinin başa çatdığını, yeni pilləkan qurulduğunu qeyd edib. Hazırda malyar işlərinin aparıldığını diqqətə çatdırıb. Bundan əlavə, binada santexnik və elektrik işlərinin də başa çatdığını vurğulayıb. Əsas məktəb binasında görülən işlər barədə məlumat verən iş icraçısı qeyd edib ki, artıq binanın dam örtüyünün xeyli hissəsi vurulub, demək olar ki, yekunlaşmaq üzrədir. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq işləri tam başa çatıb. Hazırda üçüncü mərtəbədə ehtiyac olan hissələrdə arakəsmələr hörülür, elektrik və santexnik işləri görülür. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) demək olar ki, yekunlaşmaq üzrədir. Eyni zamanda idman və akt zalları, yeməkxana üçün nəzərdə tutulan binalarda da söküntü və suvaq işləri sürətlə davam etdirilir. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib. Məlumat üçün onu da qeyd edək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.
GOYEZEN.AZ Geri qayıt |