Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda şəhər sakinləri ilə səyyar görüş keçirilib

Qazaxda şəhər sakinləri ilə səyyar görüş keçirilib


29-08-2019, 19:44


Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüşlərdən biri şəhər sakinləri ilə keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, bu sahədə görülən işlər qeyd olunub. İstər şəhərdə, istərsə də kəndlərdə keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğu diqqətə çatdırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Son illər ölkə başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açıb. Son 3 ildə Qazaxda qazanılan nailiyyətlərin ildən-ilə artmasını, bütün sahələr üzrə həyata keçirilən işlərin geniş miqyas almasını bölgələrimizdəki inkişafın ən bariz nümunəsi kimi qiymətləndirib. 2016-cı ildən başlayaraq bu günə kimi rayonun sosial, iqtisadi sahədə olan inkişafının artan templə yüksəldiyini bildirib. 2016-cı ildə rayonun 14 min hektar əkin sahəsi olduğu halda bu gün həmin sahənin genişləndirilərək 24 min hektara çatdırıldığını qeyd edib. Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan sahələrin inkişaf etdirildiyini vurğulayıb. Buna misal olaraq baramaçılığı, tütünçülüyü, kartofçuluğu və s. sahələri nümunə göstərib.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Mərkəzi xəstəxana binasının tikintisindən danışaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını yüksək qiymətləndirib.

İcra başçısı bildirib ki, 2016-cı ildən başlayaraq şəhərdə geniş miqyas alan işlərdən biri də rayon üzrə mövcud olan çoxmənzilli yaşayış binalarında görülən işlər oldu. Vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan 120-dən çoxu əsaslı təmir olunub.

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, həmin 25 bağçadan 6-sı şəhərdə yerləşir ki, hər birinin göz oxşayan şəraiti var və valideynlərin də ürəyincədir.

Son illər təhsil sahəsində qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib. İstər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini vurğulayıb və bu uğurun qazanılmasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun böyük rolunun olduğunu diqqətə çatdırıb. İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. 5 illik proqrama Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin İkinci Şıxlı Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını vurğulayıb. Rayon rəhbəri təhsilin səviyyəsinin yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol oynadığını bildirib. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli məktəblərdə görülən işlərdən də danışıb.

 

Görüşdə həmçinin istər 2018-ci ilin axırı, istərsə də 2019-cu ilin ilk altı ayında əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən də söz açılıb. Bu sahə ilə bağlı imzalanmış sərəncamların və həmin sərəncamlardan irəli gələn vəzifələrin əhəmiyyəti bir daha vurğulanıb. Qeyd edilib ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır. "İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da vətəndaşlara olan qayğının bariz nümunəsidir”, - deyən rayon rəhbəri həmin sərəncamların verilməsini yüksək qiymətləndirib və əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir. İcra başçısı minimum əmək pensiyasının 200 manat olması ilə bağlı qərarın təsdiqlənməsini əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan daha bir uğurlu addım kimi göstərib.

Rayon rəhbəri istər şəhərdə, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan obyektlərdən də söz açıb. Qeyd edib ki, 3-ü sənaye müəssisəsi olmaqla 5 obyektin - ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun açılışlarının nəzərdə tutulduğunu bildirib. İcra başçısı bu müəssisələrin istifadəyə verilməsini rayonda, eləcə də kəndlərdə işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. Bundan başqa, su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib.

Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğıdan danışan rayon rəhbəri bu qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin daha bir əyani sübutu olduğunu bildirib. Bu gün Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhidimizin, 7 Milli Qəhrəmanımızın olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkə başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkilməsindən də söhbət açılıb. Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Ümumiyyətlə, son 3 ildə 60-a yaxın subartezian quyusunun qazıldığını bildirib. İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri istər şəhərdə, istərsə də kəndlərdə SİP kabelləşmə işinin tam başa çatdırılacağını vurğulayıb.

Görüşdə erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib.

Sakinlərdən Faiq Kərimov, Nazim Cəfərov, İnnabə Əhmədova, Validə Nəsibova, Mehriban Süleymanova, Firuzə Orucova, Əminə Alməmmədova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, o cümlədən kəndlərdə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün şəhər sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların yaşadıqları ərazidə qazılmış subartezian quyusunun işləməməsi, elektrik cərəyan şiddətinin aşağı olması ilə bağlı və digər müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.




 

GOYEZEN.AZ


Geri qayıt