Əsas Səhifə > Manşet / Rəsmi > Alpout kəndində sakinlərlə səyyar görüş keçirilib

Alpout kəndində sakinlərlə səyyar görüş keçirilib


8-08-2019, 21:46



Bu gün Alpout kənd sakinləri ilə səyyar görüş keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə Respublika Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışılaraq qeyd olunub ki, istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin əsas məqsədi vətəndaşları narahat edən məsələləri, kənddəki mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarətdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə görüş iştirakçılarını, bütün kənd sakinlərini səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.

Görüşdə son illər ölkə başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açılıb. Bildirilib ki, bölgələrimizdəki inkişafın ən bariz nümunəsini son 3 ildə Qazaxda görülən təqdirəlayiq işlərdən, qazanılan nailiyyətlərin ildən-ilə artmasından, bütün sahələr üzrə həyata keçirilən işlərin geniş miqyas almasından aydın şəkildə görmək mümkündür.

Görüşdə həmçinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən söz açılarkən bu sahə ilə bağlı imzalanmış sərəncamlar və həmin sərəncamlardan irəli gələn vəzifələr xüsusilə vurğulanıb. Qeyd edilib ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır. "İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da vətəndaşlara olan qayğının bariz nümunəsidir”, - deyən rayon rəhbəri həmin sərəncamların verilməsini yüksək qiymətləndirib və əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.

Rayonda, eləcə də kəndlərdə işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən söz açan icra başçısı bu sahədə uğurlu addımların atıldığını bildirib. Buna misal olaraq su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. Rayon rəhbəri qeyd edib ki, bundan əlavə, Qazaxda ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsi, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Bu yeni müəssisələr yüzlərlə, minlərlə insanın işlə təmin olunması deməkdir. Rayon rəhbəri işsizliyin aradan qaldırılmasında son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsinin, əkin sahələrinin ildən-ilə genişləndirilməsinin mühüm rol oynadığını bildirib. Qeyd edib ki, 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırıb, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib. Bu il isə 65 hektar sahədə tütün əkilib ki, bu da xeyli sayda işçi qüvvəsinə ehtiyacın olması deməkdir. Bundan başqa, əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılıb. 376 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22 min ton məhsul əldə edib. 2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə artıb. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Bu da 2017-ci illə müqayisədə 277 hektar çoxdur. Vaxtında və uğurla həyata keçirilən işlərin nəticəsidir ki, qeyd olunan hektardan 29 min 865 ton məhsul əldə olunub. İldən-ilə kartof sahələrini artıran qazaxlı sahibkarlar, sadə kəndlilər cari ildə də kartof sahələrini genişləndiriblər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırıblar. Bütün bunlar isə rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində yaradılan "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən də söz açıb. Hazırda Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu bildirib. Həmin işçilərdən 5 nəfərin məhz Alpout kənd sakinləri olduğunu qeyd edib.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib.

Görüşdə mərkəzi xəstəxana binasının tikintisindən də danışılıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması qeyd olunub.

İcra başçısı Dövlət Proqramında əksini tapan digər məsələlərdən də söz açıb. Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan 11 məktəbdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Alpout kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkə başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkilməsindən də söhbət açılıb. Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Ümumiyyətlə, təkcə son 3 ildə Qazaxda 50-dən çox subartezian quyusunun qazıldığını qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Alpout kəndində də SİP kabelləşmə işinin tam başa çatdırılacağını bildirib.

Görüşdə erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib.

Kənd sakinlərindən ağsaqqal Əhəd Vəliyev, Şəadət Qurbanov, Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Alpout kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Son günlər sakinlərin istəyini nəzərə alaraq kənddə subartezian quyusunun qazılmasına, xüsusilə də 60-a yaxın ailənin su təminatının yaxşılaşdırılmasına görə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə torpaq sahələrinin əkinə yararlılıq qabiliyyətinin yoxlanılması üçün analizin aparılması, mövcud olan subartezian quyusunun matorunun yoxlanılması, rayonun kənd təsərrüfatı və baytarlıq idarələrinin əməkdaşları ilə görüşlərin təşkil olunması, məktəbin cari təmiri ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.




GOYEZEN.AZ


Geri qayıt