Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlərlə maraqlanıb
İcra başçısı İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlərlə maraqlanıb7-08-2019, 20:40 |
Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri nəzərdə tutulub ki, həmin məktəblərdən biri də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Məktəbin istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən artıq bir aya yaxındır ki, əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbdə görülən işlərlə maraqlanıb. İş icraçısı İlqar Səfərov görülən işlər barədə məlumat verərək istər əsas binada, istərsə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin paralel şəkildə həyata keçirildiyini qeyd edib. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binanın dam örtüyünün vurulduğunu, daxili fasadda suvaq işlərinin başa çatdığını, xarici fasadda isə yekunlaşmaq üzrə olduğunu bildirib. Bundan əlavə, binada santexnik və elektrik işlərinin də başa çatdığını vurğulayıb. İş icraçısı əsas məktəb binasında görülən işlər barədə də məlumat verərək qeyd edib ki, hazırda dam örtüyünün vurulması üçün kəmər tökülür, çatqı qurulur. Üçmərtəbəli binanın 2-ci və 3-cü mərtəbələrində söküntü işləri tam başa çatıb. Birinci mərtəbədə isə bu iş yekunlaşmaq üzrədir. Söküntü ilə yanaşı, qeyd olunan ikinci və üçüncü mərtəbələrdə suvaq işləri də yekunlaşıb. Hazırda birinci mərtəbədə suvaq vurulmasına başlanılıb. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi üçün özül hissənin qazılması ilə yanaşı, hörgü işləri də davam etdirilir. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib. Kənd sakini Tariyel Nəsibov ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı təmirinə görə bir daha kənd camaatının adından minnətdarlığını bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərinin kənd sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılandığını söyləyib. Məlumat üçün onu da qeyd edək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.
GOYEZEN.AZ Geri qayıt |