Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Aqrar sahə yeni yüksəliş mərhələsində

Aqrar sahə yeni yüksəliş mərhələsində


4-08-2019, 12:47

 

"Çörək ağacı”na çevrilən tut ağacı

Ötən əsrin 60-cı illəri idi. Qonşumuz Əzim kişinin səsi hələ də qulaqlarımdan getmir. Hasardan boylananda gördüm ki, kişi əməlli-başlı, hönkür-hönkür ağlayır. Həyətindəki 2-3 tut ağacını, daha doğrusu, onların qol-budaqlarını yenicə kəsib getmişdilər. Kişi fəryad edirdi: "Balalarım ac qalacaq, belə də hökumət olar?!” deyib hıçqırırdı. O zaman balaca idim və bilmirdim ki, o hökumət dediyi adamlar Əzim kişinin bu tut ağaclarını niyə kəsiblər. Bircə onu bilirdim ki, Əzim kişi kasıb yaşayır və on uşağı olan, artıq 40-45 yaşlarında beli bükülən bu uzun kişi hər səhər evdən çıxıb harasa gedirdi və şər qarışana yaxın qayıtmağını uşaqlarının səs-küyündən, sevincdən atılıb-düşdüklərindən bilirdim. Balaları səhərin gözü açılar-açılmaz tut ağaclarına dırmaşardılar və doyunca yedikdən sonra onların heç bir tikə quru çörəyə və şirin çaya da həvəsləri olmazdı. Əzim kişiyə də elə bu lazımıydı. Ona görə sonralar başa düşdüm ki, tut ağacına o niyə "çörək ağacım” deyirmiş. İllər keçdikcə Əzim kişi yeni tut ağacları əkirdi və öyrənirdim ki, tutun yarpaqlarının meyvəsindən daha qiymətli olduğunu bilmişdi və baramaya girişərək beləcə kasıblığın daşını deyəsən atmışdı. Çünki hasarın o tayından nə onun əvvəlki giley-güzarı, nə də uşaqların səsi gəlirdi...

Aradan on illər keçib. İndi nə Əzim kişi var, nə onun balaları. Hərəsi bir yerə köçüb, ev-eşik olublar. Amma o tut ağaclarının bəzilərinin kötükləri hələ də durur. Hərdən bir qədər də ucaldılmış hasardan boylanıb o kötükləri görəndə qəribə hisslər keçirir və kövrəlirəm. Qəribədir, o illərin təsiridir, ya nədəndir, harada yeni basdırılmış, körpə tut ağacı görəndə mütləq əlimi yarpaqlarına çəkir və bilirəm ki, o, doğrudan da əsl çörək ağacıdır. Təəssüf ki, müstəqillik illərində qədrini bilməmişik, unutmuşuq bu sahəni. Nə yaxşı ki, ölkə Prezidenti müşavirələrin birində bu məsələyə toxundu, baramaçılığın gəlirli bir sahə olduğunu yada saldı və bir qədər sonra da "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi.

İndi, iyulun 31-də dövlət başçısının keçirdiyi müşavirədəki "digər məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq” sözləri bir daha göstərdi ki, hədəf düzgün seçilib.


Azərbaycan Prezidentinin müşavirədəki çıxışı bir daha göstərdi ki, kənd təsərrüfatının bütün sahələrindəki yüksəliş xüsusi diqqət və qayğının, geniş islahatların nəticəsidir: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın. Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”.


...Vaxt olub ki, ölkəmizdə baramaçılıq sahəsində 150 min nəfər çalışıb. Belə bir faktı unuda bilmərik ki, Azərbaycanda 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30-dan artıq baramaqurutma məntəqəsi olub. Təəssüf ki, onların çoxu diqqətsizlik ucbatından sıradan çıxıb. İndi onların bərpası istiqamətində mühüm işlər görülür. Belə bir faktı yada salmaq lazımdır ki, sovetlər dövründə Azərbaycan barama tədarükünə görə yalnız Özbəkistandan geri qalıb. Amma keyfiyyətinə görə daim birinci olub. Şirvan, Şəki, Gəncə bölgəsində baramaçılıq və ipəkçilik çox inkişaf etmişdi. Bu yerlərdə ipəkdən çox gözəl, bəzəkli, naxışlı, zərif, qadın baş örtükləri istehsal olunurdu. Bu, əhalinin əsas fəaliyyət növünə çevrilmişdi. Bəzi mənbələrə istinad edərək deyə bilərik ki, Azərbaycanda ipəkçiliklə 2 min ilə yaxındır ki, məşğul olurlar. Bəziləri isə bu peşənin eramızdan əvvələ gedib çıxdığını söyləyirlər. Hətta onun 5 minillik tarixi olduğunu iddia edənlər də var. Böyük İpək yolu elə-belə salınmayıb axı. 1960-cı illərdə ipəkqurdunu bəsləməyə başlayan, ipək parçaları istehsal etməyin yollarını tapan çinlilər bu qiymətli məhsulu bütün dünyaya satmağa başlayıblar. İttifaqın süqutuna yaxın, yəni 1988-ci ildə Orta Asiyanın bu respublikasında 35 min 25 ton, Azərbaycanda isə 5 min 584 ton barama istehsal olunmuşdur. Belə bir obrazlı ifadə işlədək ki, Azərbaycanda bir ildə toxunan Şəki ipəyinin uzunluğu Yer kürəsinin diametrinə bərabər idi. Bizim məhsul keçmiş SSRİ-nin 250-dən çox şəhərinə gedirdi. İstehsal müddəti az, gəliri isə çox olan barama hər yerdə həvəslə yetişdirilirdi. Bu sahənin gəliri hesabına fərdi evlər tikilir, maşınlar alınır, adamların gün-güzəranı yaxşılaşırdı. Cəmi iki ay qısa ömür sürən ipəkqurdunun bir baramasından 1000-1500 metr uzunluğunda sap əldə edilir. İpəkqurdunun tut yarpağı yediyi və inkişaf etdiyi dövr 1 yaş ərəfəsidir. 1-3 yaş dövrünə isə yetişkin ipəkqurdu dövrü deyilir. Maraqlıdır ki, 1 yaşında 45 milliqram olan ipəkqurdunun 5 yaşında ağırlığı 4,5 qrama çatır. Barama dövründə bu qurd 4 dəfə dərisini dəyişir və bu zaman tut yarpağı yemədən ən azı 24 saat hərəkətsiz qala bilir. Bu dövrə yuxu dövrü də deyilir. Həmin dövrü tamamlayan barama artıq bir yaşa girərək yarpaq yeməyə başlayır. Ona görə bir qədər xırdalığına qədər izah etməyə çalışırıq ki, baramaçılıq həm maraqlı, həm də diqqət tələb edən bir sahədir. Bir növ arıların bal yetişdirmək mexanizminə bənzəyir.

Qeyd edək ki, Heydər Əliyev Azərbaycandan getdikdən sonra hər sahədə olduğu kimi, barama və ipək istehsalında da geriləmə oldu. İnsanlara gəlir gətirən bir sahəyə ögey münasibət bəslənilməsi acı nəticələrə gətirib çıxardı və hətta Qazax-Gəncə zonasında baramaçılığın kökü kəsildi. Min hektarlarla Kürqırağı tut bağları sıradan çıxdı. Qorbaçov ki, Azərbaycanda üzümçülüyün kökünü alkoqolizmə qarşı mübarizə pərdəsi altında necə kəsmişdisə, Azərbaycanda da baramaçılığa münasibət buna bənzəyirdi.


Bir neçə ildir ki, sular, necə deyərlər, durulub. Dövlət səviyyəsində bu işə diqqət, dəstək və qayğı vəziyyəti kökündən dəyişdirib. İndi onlarla rayonda baramaçılığın inkişafı istiqamətində mühüm işlər aparılır. Onlardan biri də Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonudur. Qeyd etmək lazımdır ki, bir tərəfdən düşmənlə üzbəüz dayanan, digər tərəfdən əkinçilik, bitkiçilik, tərəvəzçilik, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə yorulmadan məşğul olan bu rayon son vaxtlar əsl nümunə göstərir. Əvvəllər Qazaxa nə vaxt yolumuz düşürdü əkilməmiş boş sahələr çıxırdı qarşımıza. İndi belə deyil. Adamlar torpaqdan ikiəlli yapışıblar. Əkirlər, biçirlər, öz məhsullarını bazara çıxarırlar, gəlir əldə edirlər... Təsadüfi deyil ki, kəndlərdə yeni, yaraşıqlı fərdi evlərin sayı artmağa başlayıb. Az qazaxlı tapılar ki, şəxsi minik maşını olmasın və s.

Baramaçılığa meylin artması isə açıq-aşkar hiss olunur. Vaxtilə Qazaxda baramaçılıq, ipəkçilik ənənələri olub. İndi isə unudulmuş, qədim peşənin dirçəldilməsi, əvvəlki şöhrətinin bərpa edilməsi üçün kompleks tədbirlər görülür. Bu işdə Rayon İcra Hakimiyyətinin fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Baramaçılıqla məşğul olmaq istəyən hər bir kəsə dəstək, kömək var. Rayon İcraHakimiyyətinin başçısı Rəcəb Babaşov kənd və qəsəbələrdə, yaşayış yerlərində demək olar ki, hər gün keçirdiyi görüşlərdə baramaçılığın gəlirli sahə olduğunu dönə-dönə dilə gətirir, onlara lazımi köməklik göstəriləcəyini bildirir, vədinə də əməl edir. 

Əslində baramaçılığın inkişafı üçün Qazaxda bütün şərait yaradılıb. Barama istehsalı üçün tələb olunan ən əsas nədir? Deyəcəksiniz tut yarpağı. Var, özü də kifayət qədərdir. Hansı kəndə gedirsən, çəkilliklər çıxır qarşına. Artıq bir çoxu böyüyüb, yarpaqlarından necə lazımdı istifadə etmək olur. Lakin bu sahədə yeni tinglərin əkini işləri bir il də dayandırılmır. Yeni tinglər basdırılır, onlara nəzarət olunur, suvarma işləri təşkil olunur. Yeri gəlmişkən qeyd edək ki, bu sahədə Qazaxda problemlərin əksəriyyəti son 3-4 ildir ki, kökündən həll olunub. Xüsusilə rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə arxların başdan-ayağa lildən, palçıqdan, kol-kosdan təmizlənməsi suyun nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarıb.

 

Mütəxəssislər deyir ki, baramaçılıq elə bir sahədir ki, orada əlavə əkin sahəsi tələb olunmur və işçi potensialından səmərəli istifadəyə imkan yaradır. Becərmənin müddəti çox qısa olduğundan bu işə təqaüddə olan şəxslər, evdar qadınlar, hətta məktəb şagirdləri maddi maraq prinsipləri nəzərə alınmaqla cəlb edilə bilərlər. Qazaxda da məhz bu prinsiplər gözlənilir, bütün kateqoriyadan olan insanlaın baramaçılığa cəlb olunması üçün geniş izahat-təbliğat işləri aparılır. Rayon rəhbəri elə kümçü yoxdur ki, onun yanına bir neçə dəfə getməsin, işi ilə maraqlanmasın, kömək əlini uzatmasın.

Son 3 ildəki göstəricilərə nəzər salanda görürsən ki, zəhmət hədər getməyib. Məsələn, 2016-cı ildə 1502 kiloqram yaş barama təhvil verən Qazax kümçüləri cəmi bir il sonra bu rəqəmi 4623 kiloqrama çatdıra biliblər. Cəmi bir il ərzində bu sahənin təxminən 3 dəfə artması təbii ki, diqqət və qayğıdan irəli gələn bir məsələdir. Keçən il artıq rəqəm 6 min 200 kiloqramı keçib.

 

Bu il 8 tonu haqlayıb. Beləliklə, cəmi 3 il ərzində artım 6 dəfəyə yaxın olub. Razılaşaq ki, həsədaparıcı bir rəqəmdir.

Aslanbəyli, Yuxarı Salahlı, Aşağı Salahlı, Daş Salahlı, Kosalar, Xanlıqlar, Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli və digər kəndlərdə baramaçılığa meyl göstərən, bu işdən fayda götürməyə çalışanların sayı günbəgün, aybaay artır. Fikir verirsinizsə, adlarını çəkdiyimiz kəndlər arasında sərhəd kəndləri də var ki, bu da ikiqat fərəh doğurur. Bu göstəricinin özü yerlərdə kənd adamlarına göstərilən diqqət və qayğının əyani misalıdır. Qazaxda olarkən ayrı-ayrı kümçülərlə görüşüb söhbət etdik, onların fikirlərini öyrəndik, təkliflərini eşitdik. Çox razılıq edirlər, ölkə Prezidentinin bu sahəyə də xüsusi diqqət və qayğı göstərməsindən məmnunluqlarını gizlətmirlər.

Emil Qurbanov, Alpoud kənd sakini: İnanın, o qədər razıyıq ki, söz tapa bilmirəm. Evdə boş-bekar nə qədər oturmaq olardı?! Allah Prezidentimizin canını sağ eləsin. Ailə üzvlərimlə 2016-cı ildən bu işlə məşğul olmağa başlamışıq. İlk dəfə, yəni 2016-cı ildə cəmi 63 kiloqram barama yetişdirə bildik. Lakin növbəti ildə qərara aldıq ki, daha məhsuldar işləməliyik. Doğrudur, barama qurdu üçün yem tapmaq bir o qədər də asan deyil. Lakin görəndə ki, bu sahədə Qazaxda böyük işlər həyata keçirilməyə başlanıb, yeni tut bağları salınır, İcra Hakimiyyətinin başçısı bizə dəstək olur, ruhlandırır, o zaman əlimiz işdən soyumadı. Keçən il 376 kiloqram, bu il isə 401 kiloqram barama istehsal edib satdıq. Əvvəlki iki ildə baramanın hər kiloqramını 4 manata satırdıq. Lakin ölkə Prezidentinin müvafiq sərəncamından sonra keçən ildən bizə hər kiloqrama görə əlavə 5 manat subsidiya verilir. Yəni indi baramanın kiloqramını 9 manata satırıq. Gəlirli bir sahədir. Mən öz həmyerlilərimi bu işlə məşğul olmağa çağırıram. Əsas çətinlik baramanın yetişdirilməsi o 40 gündə olur. Tək adamın işi deyil. Mən 4 nəfər ailə üzvümdən başqa əlavə 8 nəfər də qonum-qonşudan çağırmışdım. Həm iş yeri tapdılar, həm də pul qazandılar. Nəyi pisdir?

Qələndər Əhmədov, İkinci Şıxlı kənd sakini: Üç il qabaq cəmi 87 kiloqram barama təhvil verə bilmişdim. Düzü istəyirdim daha başqa işlə məşğul olum. Ailə üzvlərimlə yığışıb məsləhətləşdik. Gördük ki, yox, bundan gəlirli sahə tapa bilməyəcəyik. Bu tərəfdən də ölkə Prezidentinin əlavə subsidiya verilməsi ilə bağlı göstərişi sanki qol-qanadımızı açdı. 2018-ci ildə 353 kiloqram, bu il isə 400 kiloqramdan çox məhsul təhvil verdik. Hiss edirik ki, Qazaxda bu işin yaxşı perspektivi var. Hara baxırsan, çətilliklərdir. Bu gün kövrək budaqları olan tut ağaclarının kökləri torpağın dərinliklərinə işlədikcə, o sabah daha möhkəm, qollu-budaqlı olacaq və yarpaqlarından barama qurdunun yemi üçün gen-bol istifadə edə biləcəyik. Həvəsim çox artıb. Bir də başımı qaldırıram ki, başımın üstündə icra başçımız Rəcəb müəllim dayanıb, "nə kömək lazımdır?, - deyir. İndi niyə də həvəslə işləməyim? Normal yaşayıram, hələ bir "dar gün üçün” bir kənara da beş-on manat ata bilirəm. Özü də bu son hədd deyil. İldə ən azı 10 min manat qazanmaq mümkündür.

...Bəli, illər keçəcək, Azərbaycan ipəyinin şöhrəti yenə hər yerə yayılacaq. Bu ipəyin uzunluğu o qədər olacaq ki, Yer kürəsinin qurşağına bir dəfə yox, min dəfə dolana biləcəkdir. Elə təkcə Qazaxda görülən işlər bu nikbinlikdən xəbər verir...

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

4 avqust 2019-cu il





Geri qayıt