Əsas Səhifə > Manşet / Rəsmi > İkinci Şıxlı kəndində sakinlərlə səyyar görüş keçirilib

İkinci Şıxlı kəndində sakinlərlə səyyar görüş keçirilib


31-07-2019, 22:55

Bu gün növbəti səyyar görüş İkinci Şıxlı kəndində keçirilib. Dövlət başçısı İlham Əliyevin vətəndaşlara göstərilən diqqət və qayğı ilə bağlı verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq keçirilən görüşdə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. İstər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Rayon rəhbəri bu görüşün də mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açılıb. Qazaxda son 3 ildə təqdirəlayiq işlərin görüldüyü, qazanılan uğur və nailiyyətlərin ildən-ilə artması, bütün sahələr üzrə həyata keçirilən işlərin geniş miqyas alması diqqətə çatdırılıb. İcra başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır. "İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da vətəndaşlara olan qayğının bariz nümunəsidir”, - deyən rayon rəhbəri həmin sərəncamların verilməsini yüksək qiymətləndirib və əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.

Rayonda, eləcə də kəndlərdə işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən söz açan icra başçısı bu sahədə uğurlu addımların atıldığını bildirib. İstər 2016-cı ilin oktyabrında istifadəyə verilən Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatını, istərsə də

"İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Parkı işsizliyin aradan qaldırılması istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Bu gün həmin müəssisələrdə xeyli sayda rayon sakininin, o cümlədən də Birinci və İkinci Şıxlı kəndlərindən olan sakinlərin çalışdığını qeyd edib.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib.

Görüşdə mərkəzi xəstəxana binasının tikintisindən də danışılıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması qeyd olunub.

Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında İkinci Şıxlı kənd avtomobil yolunun əsaslı təmir olunmasının da öz əkisini tapdığını vurğulayıb.


İcra başçısı Dövlət Proqramında əksini tapan digər məsələlərdən də söz açıb. Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan 11 məktəbdən ikisinin məhz İkinci Şıxlı kənd məktəbləri olduğunu qeyd edib. Bu il həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı əsaslı təmir olunan həmin bağçalardan birinin İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası olduğunu qeyd edib. Təmir olunması nəzərdə tutulan bağçalardan ikisinin yenə də İkinci Şıxlı kəndində nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmə işinin tam başa çatdırılacağını bildirib. Qazaxda əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını, bu gün Qazax rayonunun 100 faiz qazlaşdırılmış bölgələrimiz sırasında dayandığını qeyd edib. Bütün bunlarla yanaşı, rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılmasının da uğurla həyata keçirildiyini, bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü işlər görüldüyünü qeyd edib.

Görüşdə erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib.

Kənd sakinlərindən ağsaqqal Oruc Mansırov, Atlas Yadigarova, Əfsanə Nəsibova, Hacımahmudov Əbülfət, Mustafa Orucov, Tahir Əliyev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına, "Sınıq Körpü” Buraxılış Məntəqəsində həyata keçirilən abadlıq işlərinə görə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə təsərrüfatların suvarma suyu ilə təmin olunması, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi, SİP kabelləşmənin davam etdirilməsi və müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.





GOYEZEN.AZ

Geri qayıt