Əsas Səhifə > Manşet / Rəsmi > Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib

Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib


25-07-2019, 21:59


Respublika Prezidenti İlham Əliyevin vətəndaşlara göstərilən diqqət və qayğı ilə bağlı verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq keçirilən növbəti səyyar görüş bu gün Çaylı kənd sakinləri ilə olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə son illər respublikamızın, eləcə də bölgələrimizin inkişaf etməsindən söz açılıb. Bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da qazanılan uğur və nailiyyətlərin ildən-ilə artmasından, həyata keçirilən işlərin geniş miqyas almasından, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran vəzifələrdən danışılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, keçirilən görüşün məqsəd və əhəmiyyətini qeyd edib. İcra başçısı istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin məhz yerlərdə vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, bu sahədə əməli işlərin görülməsinə xidmət etdiyini bildirib. Mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

Son 3 ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinin geniş vüsət aldığını qeyd edən rayon rəhbəri hazırda görülən işlərdən söz açıb. Mərkəzi xəstəxana binasının tikintisini xüsusilə vurğulayıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib.

İcra başçısı rayonda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri olan su-kanalizasiya sisteminin çəkilişindən də söz açıb. Artıq bu məsələnin də ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib.

Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlərin görüldüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə Qazaxda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxunun təmir olunmasını, qalan binalarda da işlərin sürətlə davam etdirilməsini bu söylədiklərimizin əyani sübutu kimi göstərib.

Görüşdə ölkə başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkilməsindən də söhbət açılıb. Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin sərəncama əsasən qazılması nəzərdə tutulan 11 ədəd subartezian quyusundan birinin məhz Çaylı kəndinə salındığını bildirib. Ümumiyyətlə, son 3 ildə qazılan 36 ədəd subartezian quyusundan 9-nun Çaylı kəndində olduğunu qeyd edib.

 

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı Çaylı kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini söyləyib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Çaylıda da SİP kabelləşmə işinin tam başa çatdırılacağını bildirib.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə bütün sahələri əhatə edən məsələlərin öz əksini tapdığını qeyd edib. Həmin Dövlət Proqramında Kür çayının sahillərində sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması və bunun kimi bir sıra məsələlərin, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Artıq həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını qeyd edib. Bundan əlavə, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.

"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan çoxsaylı sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paket bir daha sübut etdi ki, bu sərəncamlar, həyata keçirilən tədbirlər bundan sonra da uğurla icra olunacaqdır. İstər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.

Rayon rəhbəri son 3 ildə kənd təsərrüfatı sahəsində olan inkişafdan da danışıb. Qeyd edib ki, əgər 2016-cı ildə rayonda 433 hektar sahədə kartof əkilmişdisə, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırıldı. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırdılar. Bu isə 2017-ci illə müqayisədə 277 hektar çox sahə deməkdir. Ən nəhayət 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırdılar.

İcra başçısı bildirib ki, bu uğurlu göstəriciləri taxıl sahəsi üçün də qeyd etmək olar. Bu ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektarda arpa yetişdirilib.  Belə ki, qazaxlı taxılçılar zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olub.

Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən, bununla bağlı imzaladığı sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, son 3 ildə rayonda bu sahədə olan inkişafı ildən-ilə artan məhsulun miqdarından da aydın şəkildə görmək olar. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Rayon rəhbəri cari ildə kümçülər tərəfindən 7667.5 kq yaş baramanın təhvil verildiyini bildirib.

Erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını qeyd edib.

Kənd sakinlərdən Yetər Carçıyeva, Bəkir Alıyev, Sahilə Orucova, Qəzənfər Qocayev, Şəmistan Vəliyev, Camoy Qurbanov, Məmməd Qocayev, Gülmirə Bənnayeva, Mirəli Kosayev, Yeganə Məmmədova, Çölçü Civişov, Aynur Civişova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən də Çaylıda görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların subartezian quyusunun işləməməsi, kənddə bağçanın açılması, SİP kabelləşmənin davam etdirilməsi və müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.










 

GOYEZEN.AZ           


Geri qayıt