Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib
Qazaxbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib24-07-2019, 21:35 |
Bu gün ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən keçirilən növbəti səyyar görüş Qazaxbəyli kənd sakinləri ilə keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə son illər respublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrə, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlara nəzər salınıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin bir məqsədə - yerlərdə vətəndaşları narahat edən məsələləri öz dillərindən eşitməyə və həlli istiqamətində əməli işlərin görülməsinə xidmət etdiyini bildirib. Mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri təkcə 2019-cu ilin 7 ayında beş dəfə bu kənddə olduğunu, bu gün isə birinci dəfə səyyar görüşün keçirildiyini vurğulayıb. İcra başçısı son illər respublikamızda olan inkişafın Qazax rayonunda da öz real əksini tapdığını bildirib. Son 3 ildə rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də bir çox sahələrdə qazanılan uğurlu nəticələrin ildən-ilə artdığını qeyd edib. Hazırda rayonda aparılan tikinti işlərindən söz açan rayon rəhbəri mərkəzi xəstəxana binasının tikintisini xüsusilə vurğulayıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı rayonda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri olan su-kanalizasiya sisteminin çəkilişindən də söz açıb. Artıq bu məsələnin də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri işlərin sürətlə davam etdirildiyini və bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini diqqətə çatdırıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə bütün sahələri əhatə edən məsələlərin öz əksini tapdığını qeyd edib. Həmin Dövlət Proqramında Kür çayının sahillərində sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması və bunun kimi bir sıra məsələlərin, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Artıq həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını qeyd edib. Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara verilən daha bir töhfə olduğunu vurğulayıb. Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə Qazaxda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-nin təmir olunmasını, qalan binalarda da işlərin sürətlə davam etdirilməsini bu söylədiklərimizin əyani sübutu kimi göstərib. Qeyd edib ki, bütün bu işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.
İcra başçısı bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin sakinlərinin də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunduqlarını çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün salınmış və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə yaradılan yüksək şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib. Bu qayğının bundan sonra da davam etdiriləcəyini və 307 məcburi köçkün ailəsi üçün də çoxmənzilli yaşayış binalarının inşa olunacağını bildirib. Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. İcra başçısı qeyd edib ki, təmirə ehtiyacı olan Fərəhli, İkinci Şıxlı, Alpout, Xanlıqlar, Ağköynək kəndləri ilə yanaşı Qazaxbəyli kəndində də yenidənqurma işlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Qazaxbəyli kəndində uzun illərdən bəri mövcud olan su probleminin də öz müsbət həllini tapdığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri qeyd edib ki, hər dəfə kənddə görüş zamanı səsləndirilən məsələlədən biri Qazaxbəyli kənd uşaq bağçasının əsaslı təmir olunması idi ki, biz bu istəyinizin də müsbət həllinə nail olduq. Bu ilin may ayında həmin bağça yüksək səviyyədə yenidən qurularaq körpə fidanların istifadəsinə verildi. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən söz açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. "Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili və xalqa xidmət dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan çoxsaylı sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paket onu göstərdi ki, bu sərəncamlar, həyata keçirilən tədbirlər bundan sonra da uğurla icra olunacaqdır. İstər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir. Erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirmələrini qeyd edib. Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən, bununla bağlı imzaladığı sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, son 3 ildə rayonda bu sahədə olan inkişafı ildən-ilə artan məhsulun miqdarından da aydın şəkildə görmək olar. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Rayon rəhbəri cari ildə kümçülər tərəfindən 7667.5 kq yaş baramanın təhvil verildiyini bildirib. Kənd sakinlərindən Nazim Xəlilov, Lamiyə Allahverdiyeva, İsə Əhmədov, Gözəl Allahverdiyeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Xüsusilə də Qazaxbəyli kəndində uzun illərdən bəri mövcud olan içməli su probleminin həll olunmasını, kənddəki uşaq bağçasının yüksək səviyyədə təmir edilməsini razılıq hissi ilə qarşılayıblar. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların rabitə xətlərinin və dayaqlarının dəyişdirilməsi, subartezian quyusunun təmiri, kənddə sakinlərə xidmət göstərən marşurutun mövcud vəziyyəti ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Görüş başa çatdıqdan sonra icra başçısı Qazaxbəyli kənd uşaq bağçasında olub, mövcud vəziyyətlə, uşaqların ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıb.
GOYEZEN.AZ Geri qayıt |