Əsas Səhifə > Manşet / Rəsmi > Bakı küçəsində yerləşən 1 saylı binanın sakinləri ilə səyyar görüş keçirilib
Bakı küçəsində yerləşən 1 saylı binanın sakinləri ilə səyyar görüş keçirilib27-06-2019, 21:40 |
Bu gün ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən keçirilən növbəti səyyar görüş şəhərin Bakı küçəsində əsaslı şəkildə təmir olunan 1 saylı binanın sakinləri ilə olub. Respublika Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açılıb. Əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də son günlər imzalanmış sərəncamlardan danışılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlər bir məqsədə xidmət edir ki, o da yerlərdə siz vətəndaşları narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı son illər respublikamızda olan inkişafın Qazax rayonunda da öz real əksini tapdığını bildirib. Rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də bir çox sahələrdə uğurlu nəticələr əldə olunduğunu qeyd edib. Hazırda rayonda aparılan tikinti işlərindən söz açan rayon rəhbəri mərkəzi xəstəxana binasının tikintisini xüsusilə vurğulayıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri də rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi ki, artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapmaqdadır. Rayon rəhbəri işlərin sürətlə davam etdirildiyini və bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini diqqətə çatdırıb. Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə Qazaxda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-nin təmir olunmasının bu söylədiklərimizin bariz nümunəsi olduğunu söyləyib.Qeyd edib ki, bütün bu işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Rayon rəhbəri əsaslı şəkildə təmir olunan binalardan birinin məhz Bakı küçəsində yerləşən 1 saylı bina olduğunu bildirib.
"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili və xalqa xidmət dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan çoxsaylı sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paket onu göstərdi ki, bu sərəncamlar, həyata keçirilən tədbirlər bundan sonra da uğurla icra olunacaqdır. İstər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir. Bina sakinlərdən Səmayə Məmmədova, Səidə Şəmilova, Sahib Bayramov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda görülən işlərdən danışan sakinlər çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasını yüksək qiymətləndiriblər. Xüsusilə də onların istəyini nəzərə alaraq binanın həyətində xeyir-şər evinin tikilməsinə görə sonsuz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün bina sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kommunal xidmətlərlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Məlumat üçün bildirək ki, Bakı küçəsində yerləşən 1saylı bina 5 mərtəbədən, 3 giriş blokundan və 30 mənzildən ibarətdir. Hazırda binada 95 nəfər sakin yaşayır. Binanın dam örtüyü yenilənib, bloklarda divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bloklarınpəncərələri yenilənib. Həmçinin hər 3 blokun giriş hissəsində olan günlüklər yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Binaların həyətində yeni işıqlanma sistemi çəkilib. Bundan başqa, binanın zirzəmisi təmizlənib. Həyətdə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib və digər abadlıq işləri görülüb.
GOYEZEN.AZ Geri qayıt |