Əsas Səhifə > Manşet / Rəsmi / Maraq > “Qazax Hotel”in açılışı olub
“Qazax Hotel”in açılışı olub21-06-2019, 16:17 |
Son illər Azərbaycanın müstəqil və güclü bir dövlət olmasını ildən-ilə artan iqtisadi göstəricilərindən, sürətlə inkişaf etməsindən aydın şəkildə görmək olar. Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə həyata keçirdiyi məqsədyönlü siyasət onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən olduğu kimi icra olunur. Həmin uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib. Dövlət başçısının neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə də sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi uğurlu layihələr Azərbaycanda bu sahənin daha geniş vüsət tapmasında mühüm rol oynayır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra edilir. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsi bu dediklərimizin bariz nümunəsidir. Bu gün isə rayonda yeni bir ünvanın – "Qazax Hotel”in rəsmi açılış mərasimi olub. Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD-ləri üzrə nümayəndələri, otelin işçiləri, rayonda fəaliyyət göstərən sahibkarlar, rayon sakinləri və KİV nümayəndələri iştirak ediblər. Tədbirin aparıcısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov səmimi ürək sözlərini bildirərək təbriklərini çatdırıb.
Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni otelin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və otelin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. İcra başçısı qeyd edib ki, bu gün sevindirici haldır ki, respublikamızda bütün sahələr, xüsusilə də ölkə iqtisadiyyatı ildən-ilə inkişaf edir. Bu inkişafı son illər imzalanan Fərman və Sərəncamlardan aydın şəkildə görürük. 18 iyun tarixində imzalanan çoxsaylı Sərəncamlar isə bir daha nümayiş etdirdi ki, Azərbaycanda əhalinin maddi rifah halının yaxşılaşdırılmasına hesablanmş sosial paket ölkə rəhbəri tərəfindən uğurla təqdim olunur. Ölkə vətəndaşlarının sosial rifah halının artırılması istiqamətində ardıcıl olaraq reallaşdırılan sosial layihələri yüksək qiymətləndirən rayon rəhbəri bütün bunlara görə rayon ictimaiyyəti və ziyalılar adından bir daha ölkə başçısına minnətdarlığını bildirib.
Qazaxda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də sosial və digər sahələrin inkişaf etdiyini qeyd edən icra başçısı rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı şəhərlərdən birinə çevrildiyini bildirib. Rayonda yeni məktəb binalarının, bağçaların, səhiyyə, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, sosial obyektlərin istifadəyə verilməsini bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri vurğulayıb ki, sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.
İcra başçısı bildirib ki, bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Rayonda istər kiçik, istər orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Dövlətin və dövlət başçısının qayğısını hər an hiss edən sahibkarlar tərəfindən yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi bunu bir daha sübut edir. Açılışını etdiyimiz otel də ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi inkişafın, xüsusilə də sahibkarlara olan dəstəyin rayonda uğurla icra edilməsi deməkdir. Rayon rəhbəri qeyd edib ki, şəhərin mərkəzində yerləşən və öz görkəmi ilə seçilən "Qazax Hotel”in istifadəyə verilməsi həm rayonun gündən-günə inkişaf etməsi, müasirləşməsi, həm də yeni iş yerlərinin açılması istiqamətində atılan uğurlu addımın daha bir əyani göstəricisidir. Sahibkarlardan "Əsədoğlu” mağazasının sahibi Vüqar Kərimov, "Beko” mağazasının sahibi Vahid Əsgərov çıxış edərək son illər ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatları və görülən işləri sahibkar olaraq yüksək qiymətləndirdiklərini bildiriblər. Qeyd ediblər ki, bu gün nəinki sahibkar, hər bir vətəndaş dövlətinə və onun rəhbərinə arxalana bilər. Çıxış edənlər ölkə başçısının sahibkarlara olan qayğısının rayon rəhbərliyi tərəfindən də uğurla davam etdirildiyini vurğulayıblar. Bu gün rayon rəhbərinin açılış mərasimində iştrak etməsini sahibkarlara olan dəstəyin bariz nümunəsi kimi qiymətləndiriblər.
"Qazax Hotel”in rəhbəri Xəyyam Sanıyev rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri, eləcə də otellər açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir.
X.Sanıyev otel barədə məlumat verərək bildirib ki, "Qazax Hotel”i rayon ərazisində açmaqla sakinlərimizə xidmət göstərmək, bundan əlavə, ilkin olaraq 6 nəfərə qədər sakini iş yeri ilə təmin etməkdir. "Qazax Hotel”in kollektivi olaraq əsas məqsədimiz müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərməkdir. Otel sahibi sonda sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb. Bu gün açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürlərini bildirib. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları oteldə yaradılan şəraitlə, vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar. İştirakçılara məlumat verilib ki, şəhərin N.Nərimanov yaşayış massivində 2018-ci ildən tikintisinə başlanılan 3 mərtəbədən ibarət olan oteldə sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Otel ən son model avadanlıq və mebellərlə təmin olunub. 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə isə 4 otaq yaradılıb. Bundan əlavə, 1 ədəd mətbəx və yeməkxana da sakinlərin xidmətindədir. 7 otaqda 25 nəfərin gecələməsi mümkündür.
GOYEZEN.AZ Geri qayıt |