Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Səyyar görüş zamanı qaldırılan məsələ ilə bağlı müşavirə keçirilib

Səyyar görüş zamanı qaldırılan məsələ ilə bağlı müşavirə keçirilib


14-06-2019, 19:29

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun dünən Orta Salahlı kəndində sakinlərlə keçirilən səyyar görüşü zamanı subartezian quyuları ilə əlaqədar qaldırılan məsələ və onun həlli istiqamətində görülən işlərlə bağlı müşavirə keçirilib.

Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, kəndlərdə yaradılmış işçi qrupunun üzvləri, məsələ ilə bağlı təhkim olunmuş şəxslər və aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, bugünkü müşavirəni keçirməkdə də əsas məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə çəkməkdir. Qeyd edib ki, sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir ki, vətəndaşda dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə artırsınlar.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Son 3 ildə ölkə başçısının qayğısı sayəsində rayonda 31 subartezian quyusunun qazıldığını, 10 ədəd qazılmış quyunun balansa götürüldüyünü, bu il isə daha 11 ədədinin qazılacağını qeyd edib.

Sonra icra başçısı dünən görüş zamanı səslənən subartezian quyularının mövcud vəziyyəti və bununla bağlı görüləcək işlərlə maraqlanıb.

Rayon rəhbərinə səyyar görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən kənddəki 3 ədəd işləməyən subartezian quyusuna aidiyyəti şəxslər tərəfindən baxış keçirildiyi və mövcud vəziyyətin yerindəcə öyrənildiyi barədə məlumat verilib. Subartezian quyularındakı matorların təmir olunmaq üçün Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin əməkdaşları tərəfindən aparıldığı bildirilib.

Müşavirədə iştirak edən Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov qaldırılan məsələ ilə əlaqədar məlumat verərək təmir işinin başa çatdığını söyləyib. Sabah hər 3 matorun Orta Salahlı kəndində quyulara əlavə olunaraq subartezian quyularının fəaliyyətinin bərpa olunacağını qeyd edib.  

İcra başçısı digər kəndlərdə olan subartezian quyularının mövcud vəziyyəti ilə də maraqlanıb. Həftə ərzində bütün kəndlərdə mövcud olan subartezian quyularına təkrar yerində baxış keçirilməsi, nasaz vəziyyətdə olan matorların qeydə alınması və təmir olunması barədə adiyyəti şəxslərə tapşırıq verib. 

Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırıb.

Müşavirədə iştirak edən Çaylı kənd sakini Qəzənfər Qocayev, Ağköynək kənd sakini Arif Musayev və başqaları çıxış edərək onların müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qaldırılan məsələnin tez bir zamanda öz müsbət həllini tapacağına əmin olduqlarını qeyd ediblər. Həmçinin su itkisinin qarşısının alınması, vətəndaşların sudan səmərəli istifadə etmələri ilə bağlı fikir və təkliflərini də çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bundan sonra da vətəndaş amilinin ön planda olacağını və qaldırılan ən xırda məsələyə belə həssaslıqla yanaşılacağını bildirib.




GOYEZEN.AZ

Geri qayıt