Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda “Son zəng”ə hazırlıq işləri müzakirə olunub

Qazaxda “Son zəng”ə hazırlıq işləri müzakirə olunub


11-06-2019, 19:05

 

İyunun 14-də respublikamızın bütün məktəblərində "Son zəng" tədbirləri keçiriləcək. Hər yerdə olduğu kimi, Qazax rayonunda da "Son zəng" tədbirlərinin yüksək səviyyədə təşkil olunması üçün lazımi hazırlıq işləri görülür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin akt zalında bu məsələ ilə bağlı iclas keçirilib. İclasda rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, rayon Polis şöbəsinin əməkdaşları, sahə rəisləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri təhsil sahəsinin Azərbaycan üçün ən prioritet məsələlərdən biri olduğunu qeyd edib.

İcra başçısı bildirib ki, bugünkü iclasın əsas məqsədi respublikamızın bütün bölgələrində təşkil olunan "Son zəng” tədbirlərini yüksək səviyyədə həyata keçirmək üçün görüləcək işləri müzakirə etməkdir.

Sonra rayon rəhbəri "Son zəng" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi və iki saat davam etməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəb direktorlarına, məktəblərə təhkim olunmuş məsul şəxslərə, eləcə də kənd və şəhər üzrə sahə rəislərinə tapşırıq və tövsiyələrini verib.


Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə təhsil sahəsində çalışan bütün müəllimlər adından öz dərin minnətdarlığını bildirib. Hər il olduğu kimi, bu il də "Son zəng” tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

 

Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev çıxış edərək bütün polis əməkdaşlarının, sahə rəislərinin "Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaqlarını bildirib. Ə.Əliyev valideynlərlə, məktəbi bitirən məzunlarla maarifləndirici söhbətlər aparmağı, həmin gün hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün məktəb direktorlarına sahə rəisləri ilə əməkdaşlıq etməyi tövsiyə edib.

Məlumat üçün qeyd edək ki, 2018/2019-cu tədris ilində Qazax rayonunda fəaliyyət göstərən 40 ümumtəhsil məktəbindən 702 nəfər XI sinfi bitirərək məzun olacaq. Bu il IX sinfi bitirən şagirdlərin sayı isə 980 nəfərdir. Eyni zamanda, builki onbirincilərdən 456 nəfər ali məktəblərə qəbul olmaq üçün sənədlərini təqdim edib.

 

GOYEZEN.AZ


Geri qayıt