Bu il iyunun 5-də öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrini yazan şair, dramaturq, publisist, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 ili tamam olur. Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutmuş, xalqını və Vətənini sevən böyük şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.
Ölkə başçısı İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva
tərəfindən görkəmli Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd
olunması üçün silsilə tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri də Heydər
Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun
80 illik yubileyi münasibətilə Qazaxda büstünün qoyulmasıdır.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ziyalıları ilə birlikdə büstün
qoyulacağı şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında olub, büst
üçün ayrılmış yerə baxıb. Qərara alınıb ki, görkəmli şairin büstü qardaşı Xalq
yazıçısı Yusif Səmədoğlunun büstünün yaxınlığında qoyulsun. Sonra rayon rəhbəri
büstün qoyulması üçün alt hissənin hazırlanması ilə bağlı aidiyyəti şəxslərə
tapşırıqlar verib.
Parkda istirahət edən və büstün
qoyulması xəbərini eşidən rayon sakinləri bu xəbəri sevinc hissi ilə
qarşıladıqlarını qeyd ediblər. Qazaxlı ziyalılara verilən dəyərə, yüksək qiymətə
görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|