Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə
səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə
dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya
müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi
ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının
sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin
nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız
Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək,
mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi
bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və
mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn
sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər
Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın
yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında
müstəsna rol oynamışdır.
Əziz bacı və qardaşlarım!
Bu günlər ölkəmizin hər yerində xalqımızın
əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad
olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz
Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan
əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda
yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət,
süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 03 iyun 2019-cu il.
Geri qayıt
|