Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub

YAP Qazax rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub


10-05-2019, 19:06


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon Təşkilatında fenomen şəxsiyyət, Azərbaycan dövlətinin və xalqının taleyində, ölkənin hərtərəfli tərəqqisində, uğurlar qazanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, "Şöhrət” ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan söz açıb. Ölkəmizin ən ye­ni ta­ri­xi­nin bü­töv bir döv­rünün ulu öndər Heydər Əliyevin şə­rəf­li adı və möh­tə­şəm fəa­liy­yə­ti ilə bağlı­ olduğunu, onun Azər­bay­ca­na 30 il­dən çox rəh­bər­liyi döv­rün­də Azərbaycanın bü­tün sa­hə­lər­də bö­yük inkişaf yolu keçdiyini bildirib. O, çıxışında Azərbaycanın dövlətçilik tarixində ölçüyəgəlməz xidmətləri olmuş dahi şəxsiyyətin əziz xatirəsinin bu gün də xalqın qəlbində əbədi yaşadığını qeyd edib. Vurğulayıb ki, azərbaycanlı olması ilə həmişə fəxr edən Heydər Əliyev öz dühası ilə millətimiz üçün yeni bir inkişaf yolunun təməlini qoyub. Dahi öndərin azərbaycançılıq məfkurəsi bu gün də xalqın xoşbəxtliyinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi və mədəni inkişafına, ordu quruculuğuna, bir sözlə, dövlətin hərtərəfli qüdrətlənməsinə xidmət edir.

H.Pənaov qeyd edib ki, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və güclənməsi, beynəlxalq aləmə bərabərhüquqlu subyekt kimi inteqrasiya prosesi hələ 1970-80-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır. Ötən əsrin 70-ci illərindən başlayaraq, bu imkanların yaratdığı yüksəliş iqtisadi inkişafla paralel olaraq Azərbaycanı zəruri azadlıq mübarizəsinə də hazırlamışdır. 1980-1990-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması da məhz Heydər Əliyev dövründəki həmin tarixi vüsətdən bəhrələnmişdir.


Ulu öndər Heydər Əliyev ölkənin tərəqqisi, xalqın sosial və maddi rifahının yüksəldilməsi üçün mühüm starteji layihələrin həyata keçirilməsi yönümündə uğurlu addımlar atmışdır. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyaca məşhur "Əsrin müqaviləsi” imzalandı. İctimai-siyasi sabitliyin əsası qoyuldu. Ümumilli lider deyirdi: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Hey­dər Əli­yev yal­nız bir döv­lə­ti ida­rə edən siyasi xa­dim, rəh­bər de­yil, həm də mil­yon­larla in­sa­nı bö­yük ideal­lar ət­ra­fın­da səfərbər edən bir döv­lət qu­ru­cu­su, ta­rix me­ma­rı­dır. Onun bü­tün hə­ya­tı, fəa­liy­yə­ti, məq­səd və ar­zu­la­rı bu idea­lın döv­lət qu­ru­cu­lu­ğu, ta­rix ya­ra­dı­cı­lı­ğı idea­lı­nın ətrafında cəm­lən­miş­dir. Hey­dər Əli­yev Azər­bay­can el­mi­nin ha­mi­si və bö­yük mütəfəkkir idi.

Natiq çıxışında qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dövlətimizin qüdrətlənməsi və nüfuzunun artması, xalqın maddi rifahının yüksəlməsi naminə misilsiz xidmətlər göstərir. Bu gün Azərbaycan öz sözünü deməyə qadir bir ölkədir. Müasir Azərbaycanın nail olduğu uğurlar vaxtilə onların təməlini qoyan və inkişaf perspektivini istiqamətləndirən dünya şöhrətli siyasi lider, xalqın böyük oğlu Heydər Əliyevin ölçüyəgəlməz fəaliyyətinin bəhrəsidir.

Sonra YAP Qazax rayon Təşkilatının sədr müavini Məmməd Yusifov, Şura üzvü Abbas Göyüşov, idarə heyətinin üzvü Novruz Abdullayev, Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qadınlar Şurasının sədr müavini Afət Eyyubova çıxış edərək ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərdən söz açıblar. Ümummilli liderinölkənin elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsindəki misilsiz xidmətlərindən söz açıblar. Azərbaycanda qeyd olunan sahələr üzrə qazanılan uğur və nailiyyətlərin təməlində ulu öndərin qoyduğu siyasətin dayandığını vurğulayıblar.


Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək ulu öndərin idman sahəsindəki həyata keçirdiyi genişmiqyaslı işlərdən söz açıb. Bu gün Azərbaycanda idman sahəsində olan yüksəlişin təməlində ulu öndərin vaxtilə yürütdüyü idman siyasətinin dayandığını bildirib. Qeyd edib ki, bu gün biz idmançılar fəxrlə söyləyə bilirik ki, ölkəmizdə idman sahəsi böyük inkişaf yolu keçib və biz bu yolu ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu uğurlu siyasət nəticəsində qət etmişik. Ulu öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin idman sahəsinə olan diqqət və qayğısı, ölkə idmanının inkişafı naminə atdığı uğurlu addımlar bir daha sübut edir ki, ümummilli liderin ideyaları bu gün də yaşayır. Biz idmançılar da öz növbəmizdə hər zaman çalışırıq ki, ulu öndərin də istədiyi kimi Azərbaycanda idman sahəsini layiqincə təmsil edək. Dövlət Himnimizi səsləndirək, üçrəngli Bayrağımızı ən yüksək zirvələrdə dalğalandıraq. Çünki hər bir vətəndaşın borcudur ki, ulu öndərin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətini göz bəbəyi kimi qoruyub saxlayaq və gələcək nəsillərə ötürək.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarına rayon rəhbərliyinin salamlarını çatdırıb. Qeyd edib ki, "Böyük şəxsiyyətlər dünyaya idrak, elm, mədəniyyət, xalqının mənəviyyatını nümayiş etdirirlər” deyən dahi lider Heydər Əliyevin bu sözlərini elə onun özünə istiqamətləndirmək daha doğru olardı. Çünki ömrünün böyük bir hissəsini xalqına həsr edən ümummilli lider hakimiyyətdə olduğu hər iki müxtəlif dövrdə yalnız Azərbaycanın inkişafı, çiçəklənməsi, onun müstəqillik, demokratiya yoluna çıxarılması uğurunda daim çalışmış, mübarizə aparmışdır. Onun getdiyi yol xalqın yolu idi və o, bu yolda azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş, milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti ilə hər birimizə örnək olacaq bir ömür yaşamışdır. İstər sovet dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər danılmaz fakt kimi göz önündədir.


Odur ki, bu gün ölkəsini, xalqını, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, bu millətin ulu öndər Heydər Əliyev kimi rəhbəri olub. Ən əsası isə odur ki, bu millət, xalq var olduqca ümummilli lider daim qəlblərdə yaşayacaq, onun Azərbaycan dövlətinin qüdrətlənməsi naminə gördüyü işlər yaddaşlardan heç vaxt silinməyəcək. Bu gün Azərbaycan 10 milyonluq bir ölkə kimi bütün dünyada tanınırsa, bu, ulu öndərin ideyaları yaşayır deməkdir. Onun yürütdüyü siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Ölkə rəhbərinin yürütdüyü siyasət nəticəsində dahi şəxsiyyətin istək və arzularına uyğun olaraq Azərbaycanın bundan sonra da qüdrətlənməsi deməkdir. 

YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov tədbirə yekun vuraraq ulu öndər, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bir daha qeyd edib. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə ölkə başçısına gələcək işlərində uğurlar arzulayıb.







GOYEZEN.AZ


Geri qayıt