Əsas Səhifə > Manşet / Rəsmi > Kosalar kənd sakinləri ilə səyyar görüş keçirilib
Kosalar kənd sakinləri ilə səyyar görüş keçirilib7-05-2019, 19:30 |
Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüşlərdən biri rayonun Kosalar kənd sakinləri ilə keçirilib. Bugünkü görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da iştirak edib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını Ramazan bayramının başlanması münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Ötən il 17 dəfə, bu ilin birinci rübü üzrə 3 dəfə Kosalar kəndində olduğunu qeyd edən rayon rəhbəri vətəndaş qayğılarının həllinə yönələn bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda vətəndaşların ünvanına söylənilən dəyərli fikirləri bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə rəhbəri çıxışında bildirdi ki, "Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”. Bəli, bu gün ölkə başçısı tərəfindən söylənilən bu fikirlər bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır. İcra başçısı Qazaxda da vətəndaş amilinin hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin məhz bu amala xidmət etdiyini vurğulayıb. Rayon rəhbəri ötən ilin axırları və bu ilin birinci rübündə ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldildiyini qeyd edib. Buna misal olaraq əmək haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılmasını, eyni zamanda, ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsini, problemli kreditlərin həll olunması və bunun kimi onlarla işləri göstərib. İcra başçısı bütün bu işlərin təməlində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda əldə olunan gəlirlərin, artımların dayandığını qeyd edib. Son illər Azərbaycanın bir çox bölgələrində, o cümlədən də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edən rayon rəhbəri 3 il ərzində xeyli sayda işlərin görüldüyünü bildirib. İcra başçısı qeyd edib ki, bu illər ərzində görülən işlərə nəzər yetirərkən aydın şəkildə görmək olur ki, rayonumuzda bütün sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələr əldə edilib. Rayonda təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlərdən danışan rayon rəhbəri bu sahələr üzrə qazanılan uğurların ildən-ilə artdığını qeyd edib. Rayon rəhbəri bildirib ki, ötən həftə ölkəmizdə fəaliyyət göstərən 40-dan çox dövlətin fövqəladə və səlahiyyətli səfirləri rayonumuzda olarkən son illər rayonda olan inkişafın əyani şəkildə şahidi oldular. Sərhəddə yaşayan sakinlərlə görüşərək qazaxlıların necə dözümlü, qəhrəman olduqlarını öz gözləri ilə gördülər. Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Xüsusilə də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. Bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsini həm də rayon sakinlərinin işlə təmin olunması istiqamətində atılan uğurlu addım kimi qeyd edib. Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonumuzda məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş 5 illik Dövlət Proqramında həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. İcra başçısı qeyd edib ki, həmin məktəblərdən biri də bu gün ölkə başçısının müvafiq sərəncamı ilə 100 illik yubileyini qeyd etdiyimiz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbidir. Rayon rəhbəri bu məktəbdə də əsaslı təmir işlərinin nəzərdə tutulduğunu bildirib. Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəli Qazax rayonu üçün də əlamətdar hadisələrlə yadda qaldı. Sevindirici hal isə odur ki, hər iki sərəncam ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsidir. İcra başçısı bu gün həmin ali sərəncama əsasən yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb. Həmçinin, tədbirlər planına əsasən Xalq yazıçısının adını daşıyan bu məktəbin qarşısında büstünün qoyulacağını bildirib. Kənd təsərrüfatında əldə olunan uğurlardan danışan rayon rəhbəri ötən bu müddət ərzində əkin sahələrinin artırılaraq 16 mindən 22 min hektara çatdırıldığını vurğulayıb. Bundan əlavə, kartof sahəsinin 433 hektardan 1200 hektara, tütün sahəsinin 10 hektardan 65 hektara çatdırıldığını bildirib. Qeyd edib ki, əgər 2016-cı ildə 7800 hektar sahədə taxıl əkilmişdisə, 2019-cu ildə bu rəqəm artırılaraq 13180 hektara çatdırıldı. Baramaçılıqda da uğurlu göstəricilərin əldə olunduğunu qeyd edən rayon rəhbəri qeyd edib ki, bu il artıq dördüncü il olacaq ki, rayonda barama yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Rayon rəhbəri bu il də barama istehsalında artımın olacağını və 8 ton barama yetişdirilməsinin nəzərdə tutulduğunu bildirib. İcra başçısı qeyd edib ki, bütün bunlar isə əkin sahəsinin artımı ilə yanaşı, həm də yeni iş yerlərinin açılması, işçi qüvvəsinin artırılması deməkdir. Yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışan icra başçısı ölkə prezidentinin təşəbbüsü ilə yaradılmış "DOST İş Mərkəzi” MMC tərəfindən Qazax rayonu üzrə 420 nəfərə yeni iş yeri verildiyini bildirib. İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Ən əsası da uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılmasıdır. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Rayon rəhbəri bildirib ki, Kosalar kəndində olan 3 uşaq bağçasından 2-si tam müasir standartlara cavab verən səviyyədədir. 1 bağça qalıb ki, onun da təmir olunması nəzərdə tutulub. Hazırda Qazaxbəyli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunduğunu bildirib. Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Kosalar kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, hər birinizə yaxşı məlumdur ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə nəzarət edildiyini də diqqətə çatdırıb. İcra başçısı vurğulayıb ki, bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Bu işlərin Kosalar kəndində də davam etdiriləcəyini bildirib. Qeyd edib ki, mavi yanacağın limitinin 1700 kubmetrdən 2200 kubmetrə çatdırılması əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir. İcra başçısı bildirib ki, 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının məmurlarla bağlı söylədiyi fikirləri bir daha diqqətə çatdırıb. Bildirib ki, dövlət hər zaman öz vətəndaşının, xalqının yanında olmalıdır. Çünki ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Odur ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün tutulmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər. Kənd sakinlərindən Talış Məmmədov, Musa Qasımov, Rəfiqə Məmmədova, Fariz Hüseynov, Elnarə İbrahimova, Firdovsi Əliyev, Cavanşir Rüstəmov, Günay Abbasova, İsmayıl Abdulkərimov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Kənddə görülən işlərdən danışan sakinlər qeyd ediblər ki, kəndimizdə yerləşən 3 uşaq bağçasından ikisinin əsaslı şəkildə təmir olunması, yeni asfalt yolun çəkilməsi, məktəbimizin və qalan bir bağçanın da əsaslı təmirinin nəzərdə tutulması, eləcə də onlarla belə işlər bizi çox sevindirir. Ona görə sevindirir ki, ölkə başçısının qayğısı nəticəsində qaldırdığımız hər bir məsələ öz müsbət həllini tapır. Sevinirik ki, ulu öndər Heydər Əliyev vaxtilə xalqına, millətinə necə qayğı ilə yanaşırdısa, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də o cür qayğı göstərir. O, necə xalqın arasında olurdusa, bu gün ölkə başçısı da daim biz sakinlərin yanındadır. Biz sakinləri narahat edən ən xırda məsələyə belə xüsusi həssaslıqla yanaşır. Bunu son aylar imzalanan fərman və sərəncamlardan da aydın şəkildə gördük. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən qəzalı vəziyyətdə olan telefon dayağının dəyişdirilməsi, yeni telefon xəttinin çəkilməsi, kənddə əlavə subartezian quyusunun qazılması, SİP kabelləşmə işinin aparılması, ünvanlı sosial yardım, işlə təmin olunma və s. məsələ ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq müqədəs Ramazan bayramı münasibətilə sakinləri bir daha təbrik edib. Ölkəmizin, rayonumuzun inkişafı naminə ölkə başçısına uğurlar arzulayıb. GOYEZEN.AZ
Geri qayıt |