Bu gün
böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda abadlıq və quruculuq
işlərinin geniş vüsət aldığı sahələrdən biri də vətəndaşların yaşayış
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdir. Son 3 ildə ölkə
prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163
çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin
istifadəsinə verilib. Bu, vətəndaşlara göstərilən diqqət və qayğının əyani
təzahürüdür. Eyni zamanda da yeni iş yerlərinin yaradılması baxımından böyük
əhəmiyyət kəsb edir. Bu gün həmin çoxmənzilli binaların təmirində xeyli sayda
rayon sakini çalışır. Bütün bunlar rayon sakinlərinin maddi rifah halının və
sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.
Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, hazırda şəhərin mərkəzində
yerləşən bir neçə binada aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlov həmin binalarda görülən son
tamamlanma işləri ilə tanış olublar.
Şəhərin Heydər Əliyev prospektində yerləşən 175 saylı binada görülən
işlərlə tanış olan rayon rəhbərliyinə bildirilib ki, hazırda binanın
bloklarında rənglənmə işlərinə başlanılıb. Həmin prospektdə yerləşən 173 saylı binada
isə bloklarla yanaşı binanın xarici fasadında da rənglənmə işləri aparılır.
Sonra rayon rəhbərliyi eyni prospektdə yerləşən daha bir binada – doqquzmərtəbəli
179 saylı binada görülən işlərlə yaxından tanış olublar. Qeyd olunub ki, digər
binalar kimi bu binada da rənglənmə işləri görülür. Artıq birinci blokda 4-cü mərtəbəyə
qədər birinci qat rəng vurulub.
Rayon rəhbərliyi ilə səmimi söhbət edən bina sakinlərindən Reyhan Vəliyeva,
Validə Nəsibova və başqaları görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını
bildiriblər. Sakinlər qeyd ediblər ki, ötən il binamızın lifti yüksək səviyyədə
təmir olundu və mövcud olan problem qısa bir vaxtda aradan qaldırıldı. Bu gün
isə binamızda əsaslı təmir işləri aparılır. Biz sakinlərin sosial rifah halı
ilə yanaşı, mənzil-məişət şəraiti də yaxşılaşdırılır. Bu, ölkə rəhbəri İlham
Əliyevin biz sakinlərə olan diqqət və qayğısıdır. Son illər ölkəmizdə aparılan
abadlıq və quruculuq işləri Qazaxda da həyata keçirilir. Bu isə bizi çox
sevindirir. Ona görə sevindirir ki, paytaxtdan uzaq bir məsafədə, düşmənlə sərhəddə
yerləşən Qazax rayonu və sakinləri hər an dövlətimizin və dövlət başçısının
qayğısını hiss edirlər. Hər gün rayonda bir yeniliyin şahidi oluruq. Bütün
bunlara görə isə bir daha ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürümüzü
çatdırırıq.
Bakı küçəsində yerləşən 1 saylı binada da son tamamlanma işləri
görülür. Bütün blokları hazır olan binanın xarici fasadında suvaq işlərinə
başlanılıb. Bundan əlavə, binanın həyətində sakinlərin istəyinə əsasən xeyir-şər
evi tikilir. Hazırda özül hissə tökülüb, yaxın günlərdə də hörgü işlərinə start
veriləcək. Bu binada yaşayan sakinlər də rayon rəhbərliyini səmimiyyətlə
qarşılayıblar. Sakinlərdən Əsibə Novruzova, Gülbəniz Hüseynova və başqaları səmimi
ürək sözlərini çatdırıb, rayonda görülən işləri, xüsusilə də çoxmənzilli
binaların təmirini yüksək qiymətləndirdiklərini bildiriblər. Uzun illər təmirsiz
olan çoxmənzilli binalara bu gün yeni bir görkəm verildiyini qeyd edib, bütün
bu işləri minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər.
Heydər Əliyev prospektində yerləşən 171 saylı binada da bloklar tam
hazır vəziyyətdədir. Xarici fasadda isə suvaq işləri aparılır.
Şəhərin Azadlıq küçəsində yerləşən 107 saylı binanın isə bütün
bloklarında birinci qat rəng vurulub. Yaxın günlərdə binanın xarici fasadında
bu işlərə start veriləcək.
Rayon rəhbərliyi qeyd olunan bu binalarda da olub, görülən işlərlə yaxından
maraqlanıblar.
İcra başçısı hər bir binada görülən işlərin keyfiyyətlə və sürətlə
aparılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
Heydər Əliyev prospekti 175 saylı bina
Heydər Əliyev prospekti 173 saylı bina
Heydər Əliyev prospekti 179 saylı bina
Bakı küçəsində yerləşən 1 saylı bina
Heydər Əliyev prospekti 171 saylı bina
Azadlıq küçəsi 107 saylı bina
Geri qayıt
|