Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı rayonumuzda qonaq olan nümayəndələrlə birlikdə Mərkəzi Xəstəxananın tikintisi ilə tanış olub
İcra başçısı rayonumuzda qonaq olan nümayəndələrlə birlikdə Mərkəzi Xəstəxananın tikintisi ilə tanış olub24-04-2019, 20:39 |
Bu gün tam əminliklə deyə bilərik ki, son illər Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün məqsədyönlü işlər görülür. Dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində xəstəxanalar tikilir, səhiyyə ocaqlarında olan avadanlıqlar ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır. Bölgələrdə səhiyyə sahəsində olan inkişafı Qazax rayonunun timsalında da aydın şəkildə görmək olar. Rayonda müasir standartlara cavab verən xəstəxananın tikintisi bu dediklərimizin əyani göstəricisidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının şöbə müdiri, müəllim proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca, şair, publisist, tərcüməçi Davud Nəsibovun övladları Xəyyam və Xəyal Nəsibovlarla birlikdə bu gün Mərkəzi Xəstəxanada aparılan tikinti işləri ilə tanış olublar. İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 2,6 hektar sahədə inşa olunan və 145 çarpayıdan ibarət olan səhiyyə ocağında rayon sakinlərinə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Qeyd edib ki, 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxananın 5 korpusu tam hazırdır. Bundan əlavə, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb. İş icraçısı bildirib ki, hazırda ötən il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir. Görülən işlər barədə ətraflı məlumat verən iş icraçısı vurğulayıb ki, işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, bu korpusların tikintisi yaxın günlərdə yekunlaşacaq və yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaq. Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib. Xəstəxananın tikintisi ilə yaxından tanış olan qonaqlar ölkə başçısı İlham Əliyev tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğını, ən əsası da düşmənlə sərhəddə yerləşən Qazax rayonunda bu cür yüksək səviyyədə xəstəxananın inşa olunmasını yüksək qiymətləndirdiklərini bildiriblər.
GOYEZEN.AZ Geri qayıt |