Əsas Səhifə > Manşet / Sosial > Sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi davam edir
Sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi davam edir23-04-2019, 20:46 |
Hər kəsə yaxşı məlumdur ki, Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər artıq 25 ildən çoxdur ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə düşmən tapdağı altındadır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı aparılan döyüşlərdə Qazax rayonu yüzlərlə şəhid verib. Bu gün Qazaxın 280-dən artıq şəhidi, 7 nəfər Milli Qəhrəmanı var. Bu gün daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün tam əminliklə deyə bilərik ki, düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an qorxu altında yaşayan, hər zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Son 3 ildə rayon rəhbərinin bütün sahələrlə yanaşı, sərhəddə yaşayan həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz nümunəsidir. İcra başçısı demək olar ki, fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi münasibət göstərir. Ən əsası da həmin kəndlərdə sakinlərin təhlükəsizliyini hər şeydən üstün tutur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi. Bundan əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkildi. Görülən bu işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkildi. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub. Ötən illərdə olduğu kimi, bu il də Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işinə start verilib. Vətəndaşların müraciətləri əsasında onların təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında istinad divarının çəkilməsinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm kəndində istinad divarının çəkilişi ilə bağlı görülən işlərlə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 486 paqonmetrdir. Qeyd olunub ki, özül hissə töküldükdən sonra hörgü işlərinə başlanılıb. Artıq 65 paqonmetr hörgü işləri aparılıb. Rayon rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ Geri qayıt |