Əsas Səhifə > Manşet / Sosial > Sərhəd kəndi Məzəmdə istinad divarı çəkilir

Sərhəd kəndi Məzəmdə istinad divarı çəkilir


16-04-2019, 22:26

25 ildən çoxdur ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər bu gün də yaşayırlar. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu bu illər ərzində yüzlərlə şəhid verib. Bu gün Qazaxın 280-dən artıq şəhidi, 7 nəfər Milli Qəhrəmanı var.

Rayonun 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Sərhədə ən yaxın olan kəndlərdən biri də rayonun Məzəm kəndidir. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinləri daim qorxu altında yaşayırdılar. Hər zaman düşmən gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər. Rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, sərhəddə yaşayan həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində məqsədyönlü işlər görüldü. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşması sayəsində bu məsələ də öz müsbət həllini tapdı. Belə ki, rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi. Bundan əlavə, sakinlərin təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkildi. Kəndin sərhəddə yerləşməsi nəzərə alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub.

Ötən il olduğu kimi, bu il də Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işinə start verilib. Vətəndaşların müraciətləri nəzərə alıaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında istinad divarının çəkilməsinə başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Məzəm kəndində istinad divarının çəkilişi ilə bağlı görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 486 metrdir. Özül hissə tökülüb və hazırda hörgü işlərinə başlanılıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri, eləcə də evlərinin qarşısına istinad divarları çəkilmiş ev sahibləri sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki. bu gün biz düşmənlə bir addımlıqda yaşamağımıza baxmayaraq öz doğma torpaqlarımızı qorumağa hər an hazırıq. Qeyd ediblər ki, sizin mütəmadi olaraq bizlərlə görüşməyiniz, qayğılarımızla maraqlanmağınız, ən əsası da səmimi münasibətiniz bizi daha da ruhlandırır. Bu gün sərhəddə yaşayan məzəmlilər dövlət məmuru ilə xalq arasında olan səmimiyyətin, vətəndaşların öz dövlətinə, rəhbərinə olan inamının şahidi olurlar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhəddə yaşayan sakinlərə hər zaman dövlət qayğısı olduğunu və bu qayğının bundan sonra da belə olacağını bildirib.





Geri qayıt